“Əvvəl şiəlik faktorunu mollalar irəli verirdi, indi generalları da...” – Deputatdan cavab

“Əvvəl şiəlik faktorunu mollalar irəli verirdi, indi generalları da...” – Deputatdan cavab

Siyasət

08 Dekabr 2022 15:05 4774


“Mən İranın səfeh generalına böyük Əhməd bəy Ağaoğlunun şiəliyə verdiyi möhtəşəm təriflə cavab vermək istəyirəm”. 

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.

O, "Sepah" generalı Əli Fədəvinin Azərbaycanla bağlı açıqlamasına sərt reaksiya verib.

Qeyd edək ki, Əli Fədəvi çıxışında Azərbaycan Respublikasına şiə ölkəsi kimi baxıdıqlarını deyib: “İrandan sonra dünyada ikinci şiə ölkəsi Azərbaycandır ki, əhalisinin də əksəriyyəti 12 imamçı şiədir.

Qacar padşahlarının səriştəsizliyi ucbatından həmin ərazi İrandan ayrılıb. Şiə xalqı təzyiq altında olub, 70 illik kommunizm şəraitində ilkin şiə inancını itirməyib. Təbii ki, bizim Azərbaycan xalqı ilə nəinki heç bir problemimiz yoxdur, eyni zamanda, unikal ümumi cəhətlər də var. Bir qayda olaraq, Azərbaycanda çoxluq təşkil edən şiələrə xüsusi diqqət yetirən bir hökumət olmalıdır".

E. Əliyev İran generalına Əhməd bəy Ağaoğlunun sözlərini xatırladıb: “Şiəlik sözün həqiqi mənasında din deyil, heç siyasi partiya anlamı da ifadə etmir. Amma şiəlik başdan başa İranın milli ruhu ilə doludur. 

Şiəlik hüquqları tapdanmış bəzi insanların haqlarını tələb edən siyasi görüş kimi qəbul edilə bilməz. Nə vaxtsa dünyanın fövqəltəbii bir varlıq, fövqəlinsan tərəfindən xilasına inanmırsa, şiə deyil. Bu möcuzəvi, fövqəltəbii bir insan İsfahan yaxınlığında bir quyudan çıxacaq, yanında isə Rüstəmlə Kavə olacaqdır. 

Kim İranı ziyalılığın, elmin, mənəvi saflığın məskəni kimi qəbul etmirsə, onu dünyanın, hətta kainatın taleyinin bağlı olduğu bir ölkə kimi görmürsə, şiə deyil. Bir sözlə şiə olmaq - iranlı olmaq İranın keçmişini bütün kimi qəbul etmək, özünü tam şəkildə bu məmləkətə bağlamaq, onun zəfərindən qürurlanmaq, məğlubiyyətindən kədərlənmək, ümidləri ilə yaşamaq deməkdir.” 

Etibar Əliyev qeyd edib ki, əvvəllər şiəlik faktorunu mollalar irəli verirdi, indi isə generalları oyuna qatıblar: “Müasir politologiyada iki anlayış geniş işlədilir. “Onurğasaz dövlətlər” və “əsəbi dövlətlər”. 

İran onurğasız dövlətdir. İran şiəliyi onurğasızlıq deməkdir. Digər tərəfdən isə qardaşları ermənilərin məğlubiyyəti onları nevroz vəziyyətə gətirib çıxarıb. Onların təsəvvür etdiyi hansısa fövqəltəbii varlıq təzədən torpaqlarımızı əlimizdən ala bilməz.

Azərbaycan sekulyar (dünyəvi) dövlətdir. Azərbaycanda illərdir ki, vəhdət namazı qılınır. Azərbaycan müsəlman həmrəyliyinin mühüm nümunələrindən biridir”. 

Həcər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!