Bu etiraf mənə məxsusdur, təxminən 10 il əvvəl qorxa-qorxa dilə gətirmişdim: “Biz onların əndamına uduzmuşuq”.
Onların kim olduğunu hamı bilir. Söhbət efirdə hamıdan çox görünən, bizdən icazəsiz evlərimizə soxulan, öz balaca beyinləri ilə cəmiyyətə böyük məsləhətlər verən şou əhlindən gedir. Onlar cəmiyyətdə çox şeyi dəyişdilər. Onların sayəsində oxumaq deyəndə Azərbaycanda insanların ağlına kitabdan əvvəl mikrofon gəlir.
Onlar sübut etdilər ki, kitab oxumadan yaşamaq olar. Hətta kitab oxuyanlardan yaxşı yaşamaq olar. Marqarita pizza
Son illər Bakıda ard-arda kitab sərgiləri təşkil olunur. Bəzən oxucunun yolunu gözləməkdən yazarların gözünün kökü saralır. Axı hər oxucu beş-on manat pul deməlkdir...
Onların isə belə problemi yoxdur. Ötən gün şou müxbirimiz mənə hansısa şadyananlıq məclisindən çəkilmiş bir video göstərdi. Xatirə İslam səhnəyə çıxanda hamı əlini cibinə saldı. Xatirənin başına göydən “pul yağırdı”. Həmin məclisdə Xatirənin başından yuvarlanıb ayağının altına düşən pullarla Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisindəki bütün kitabları satın almaq olardı...
Səhv etmirəmsə, jurnalist fəaliyyətimin beşinci ilində anladım ki, bizim ciddi məqalələrimizin, dərin siyasi-iqtisadi təhlillərimizin, hərtərəfli araşdırmalarımızın oxucusu sürətlə tükənir. Bu həmin vaxt idi ki, cəmiyyət Nüşabə İsgəndərlinin pişiyinə BMT-dən, ATƏT-dən, Avropa Şurasından yazdığımız məqalələrdən daha çox maraq göstərirdi. Bu həmin vaxt idi ki, yeni yetişən nəsil cibgirliyi ilə ad çıxarmış “Qızılbarmaq Fatma”nı Fatma Mehrəliyevadan yaxşı tanıyırdı. İndi İP uğrunda qırğın getdiyi kimi o vaxt da tiraj uğrunda amansız mübarizə gedirdi. Bazarda qalmaq istəyən baş redaktorlar fotomüxbirlərə deyirdilər ki, ərkiniz çatan müğənnilərin şəklini çəkəndə xahiş edin ətəyin ucunu bir qarış yuxarı qaldırsın. Bir dəfə fotomüxbirimiz belə reaksiya vermişdi: “Müəllim, xahiş etməyə ehtiyac yoxdur, özləri qaldırırlar”.
Belə. O vaxt əkdiklərimizi indi biçirik. Partiya sədrlərindən, deputatlardan, savadlı politoloqlardan, sanballı iqtisadçılardan götürdüyümüz müsahibələr, aldığımız açıqlamalar açıq-saçıq yazıların, sərsəm psixoloq rəylərinin kölgəsində qalır. Başlığında, seks, bud, baldır, açıq sinə, qısa ətək olan yazılar ən çox oxunan məqalələr kateqoriyasına düşür.
Fikrimiz, düşüncəmiz ağ sinənin, ağ baldırın yanında olduğu üçün günümüz qaradır...
Seymur VERDİZADƏ
Telegram kanalımız