Fransa azərbaycanlıları - Erməni lobbisinin qarşısında dayanan diaspor

saytların hazırlanması

Evə çatdırılma

Fransa azərbaycanlıları - Erməni lobbisinin qarşısında dayanan diaspor

Siyasət

10 Aprel 2025 12:53 433


Rəsmi məlumatlara əsasən, Fransada 70 mindən çox azərbaycanlı yaşayır. Soydaşlarımızın Fransaya ilk köçləri hələ XIX əsrin sonlarından başlayıb. 1919-cu ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin təhsil məqsədi ilə Avropaya göndərdiyi 100 tələbədən 42-si məhz Fransaya getmişdi. 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, Bakı və Paris alasında siyasi, iqtisadi və mədəni sahədə münasibətlər yenidən bərpa edilib. Bu gün azərbaycanlılar əsasən Fransada paytaxt Paris şəhərində, Elzas bölgəsində, Bordo, Marsel və Kann kimi böyük şəhərlərdə yaşamaqdadırlar. Fransa həmçinin erməni icmasının da çoxluq təşkil etdiyi ölkələrin başında gəlir. Müxtəlif statistikalara görə, başda Marsel və Strazburq olmaqla, Fransanın müxtəlif şəhərlərində təxminən 1 milyona yaxın erməni yaşamaqdadır. 

Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı və bu kimi bir çox məsələdə rəsmi Parisin ermənipərəst mövqedə dayanması və orada yaşayan ermənilərin güclu siyasi-iqtisadi lobbiyə malik olması Fransadakı Azərbaycan diasporunun aktiv fəaliyyəti üçün bir növ səbəb yaratmış oldu. Ermənilərin “ikinci vətənində” Azərbaycanın siyasi, mədəni və sosial mənafelərinin təmin olunması üçün soydaşlıq mövqeyinin ortaya qoyulması heç də asan məsələ deyil. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi və "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu bildirib ki, Fransada yaşayan ikinci nəsil azərbaycanlıların diaspor fəaliyyətinə cəlb edilməsi olduqca vacib məsələlərdəndir:

“Fransada erməni lobbisi kifayət qədər güclüdür və bunun təməl səbəbləri var. Çünki erməni lobbisi intellektual sahələrdə fəaliyyət göstərir. Amma Türkiyə və Azərbaycan türkləri isə daha çox biznes, kiçik biznes və bir sıra xidmət sahələrində çalışır. Bu səbəbdən, erməni lobbisinin təsir gücü daha çoxdur. Həmin lobbi Fransanın siyasi çevrələrində, seçkili orqanlarında, dövlət qurumlarında və mediada xeyli aktivdir. Bu isə onları daha güclü olmasını təmin edir. 

Digər bir səbəb isə, erməni lobbisinin Azərbaycan diasporunun formalaşmasından qat-qat öncə yaranması və oturuşmasıdır. Amma indiki vaxtda Azərbaycan diasporunun daha da güclənməsi və dövlətin əldə etdiyi uğurlara adekvat fəaliyyət göstərməsi üçün proses başlanmalıdır. Bunun üçün artıq baza formalaşıb. Avropada ikinci nəsil azərbaycanlıların formalaşması müşahidə olunur. Onların diaspora qazandırılması ilə bağlı ciddi addımlar atılmalı, orjinal layihələr işlənməlidir. Çünki Fransada kifayət qədər intellektual azərbaycanlı gənclər var. 

Azərbaycan diasporuna qazandırılması üçün onların dil bilikləri ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlı olmasını təmin etmək lazımdır. Belə gənclər Azərbaycan diasporunun güclənməsində fəal rol oynaya bilər. Bir faktı deyə bilərik ki, Avropada yaşayan azərbaycanlıların cəmi 1 teatrı var. Həmin teatr İsveçdə fəaliyyət göstərir. Biz diaspor quruculuğunda yəhudi və türk diaspor ənənələrindən istifadə edə bilərik. Onlar nəsilin itməməsi və mədəniyyətinin davam etməsi üçün milli zəmində evliliklərə xüsusi diqqət edirlər”. 

Əli Zülfüqaroğlu qeyd edib ki, hazırda Fransa və digər Avropa ölkələrində yaşayan azərbaycanlılar arasında assimiliyasiya problemi var:

“Fransada və digər Avropa ölkələrində yaşayan azərbaycanlılar arasında əvvəllər inteqrasiya problemi var idisə, hazırda assimiliyasiya problemi özünü göstərir. Xüsusən, ikinci nəsil azərbaycanlılarla bağlı bu problem müşahidə olunmaqdadır. 

Bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərmək lazımdır ki, Fransa və digər ölkələrdə Azərbaycan diasporunun effektiv bir faktora çevrilməsinə gətirib çıxaraq. Fransa məlum olduğu kimi, Azərbaycana qarşı ən qərəzli fəaliyyət ölkələrdən biridir. Xüsusən İkinci Qarabağ müharibəsində Fransanın Azərbaycana qarşı hansı mövqedə dayandığını gördük. Təbii ki, bu məsələdə erməni lobbisinin də təsir imkanlarını qeyd etmək lazımdır. 

Ermənilər həm Fransa, həm də ABŞ-də siyasi xadimlərə seçkilər zamanı ciddi maliyyə yardımı göstərməklə, onların potensialından öz milli maraqları üçün istifadə edir. Çox təəssüflər olsun ki, Azərbaycan diasporunun bu istiqamətdə ciddi və effektiv fəaliyyət göstərdiyini söyləmək olmur. Doğrudur, 30 il ərzində müəyyən işlər görülsə də, hesab edirəm ki, diaspor Azərbaycan dövlətinin siyasi və hərbi uğurlarına uyğun, adekvat fəaliyyət göstərməlidir. Xüsusilə Fransa kimi ölkələrdə. Bu istiqamətdə Türkiyə və digər dost ölkələrin diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlıqlar çox önəmlidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!