Fransada etirazlar zamanı baş verən zorakılıq və qarət hadisələrindən sonra hökumət bir sıra şəhərlərdə gecə saatlarında küçəyə çıxmağa qadağa qoyub. Parisin bəzi ərazilərində də tətbiq edilən qadağadan sonra küçələr boş qalıb.
“Yeni Sabah” xəbər verir ki, Fransanın Baş naziri Sebastyan Lekornü təcili hökumət iclasından sonra ölkədə ictimai asayişin bərpası üçün qətiyyətli addımlar atılacağını bildirib. Baş nazirin göstərişinə əsasən, zərurət yaranarsa, ayrı-ayrı ərazilərdə qismən küçəyə çıxmaq qadağası tətbiq ediləcək. O, bütün şəhərləri əhatə edən ümumi qadağanın nəzərdə tutulmadığını vurğulayıb.
Baş nazirin ofisindən verilən məlumata görə, şimalda yerləşən, Lill şəhərinin də daxil olduğu dörd şəhərdə bazar ertəsi və çərşənbə axşamı gecələri saat 20:00-dan səhər 06:00-dək küçəyə çıxmaq qadağan edilib. Parisdə isə bazar ertəsi saat 23:00-dan çərşənbə axşamı saat 06:00-dək iki ərazidə eyni tədbir görülüb. Bunlar şənbə günü zorakılıq hadisələrinin baş verdiyi Respublika meydanı və qarətə məruz qalan “Les Halles” ticarət ərazisidir. Fransanın ikinci böyük şəhəri Marseldə də bazar ertəsi bütün toplantı və nümayişlər qadağan edilib. Bununla yanaşı, Fransa həmkarlar ittifaqları noyabrın 5-də yeni tətil və mitinqlər keçirməyə çağırış edib. Sezar pizza
Lekornü fövqəladə vəziyyət elan edilməsinin də mümkün olduğunu bildirib. Bununla belə, hazırkı mərhələdə ayrı-ayrı ərazilərdə qismən qadağaların tətbiqini daha uyğun hesab etdiklərini deyib.
Hökumətin qərarı Daxili İşlər Nazirliyinin şənbə günü keçirilən etirazlar zamanı bəzi şəhərlərdə polisin vəziyyətə nəzarəti itirdiyini etiraf etməsindən sonra verilib. Prezident Emmanuel Makron isə təhlükəsizlik tədbirlərinin hərtərəfli nəzərdən keçirilməsini və zorakılığın qarşısını almaq üçün yeni əməliyyat üsullarının hazırlanmasını istəyib. Daxili işlər naziri Nünes kəşfiyyat məlumatlarına əsasən, ölkə üzrə küçələrə 200 min nümayişçinin çıxacağının gözlənildiyini bildirib. O, baş verənlərə görə özünü məsuliyyətli hesab etdiyini deyərək prezidentə istefasını təqdim edib. Lakin Makron istefanı qəbul etməyib və nazirə planlaşdırma və kəşfiyyat sahəsindəki nöqsanların şəffaf şəkildə araşdırılması üçün lazımi addımlar atmağı tapşırıb.
Etirazlar həftələrdir davam edən məktəb şagirdlərinin nümayişlərindən sonra daha da kəskinləşib. Polis və nümayişçilər arasında baş verən toqquşmalar, iqtisadi çətinliklərin artması və prezident seçkilərinə altı ay qalması ölkədə gərginliyi yüksəldib. Rəsmilərin məlumatına görə, hadisələr zamanı bələdiyyə binası da daxil olmaqla bir sıra dövlət binalarına hücum edilib, bəzi tikililər yandırılıb. Təxminən 2 min mağazaya ziyan vurulub və onlar qarət edilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız