Bəziləri az yeməsinə, şirniyyatdan uzaq durmasına baxmayaraq kökəlir, bəziləri isə gün ərzində istədiyi qədər yesə də, çəkisini qoruyub saxlayır. Bu fərq yalnız qidalanma vərdişləri ilə bağlıdır, yoxsa orqanizmdə baş verən proseslər də çəkiyə təsir edir.
Respublika Endokrinoloji Mərkəzinin direktoru Dinar Qəhrəmanova mövzu ilə bağlı “Yeni Sabah”a müsahibə verib:
- İnsan az yeməsinə baxmayaraq, kökələ bilər? Belə bir şey mümkündür? Pepperoni pizza
- Bəli, insan az yeməsinə baxmayaraq çəki ala bilər. Çünki çəkinin idarə olunması yalnız qəbul edilən və sərf olunan kalorilərlə məhdudlaşmır. Burada metabolizmin xüsusiyyətləri, genetik faktorlar, fiziki aktivlik, hormonal vəziyyət və digər amillər də rol oynayır. Hər bir insanın bazal metabolizm sürəti, yəni orqanizmin istirahət vəziyyətində həyati funksiyalarını qorumaq üçün sərf etdiyi enerji miqdarı fərqlidir. Bəzən insanlar az qidalandıqlarını düşünsələr də, gün ərzində qəbul etdikləri şirin içkilər, souslar, çərəzlər, yağlı qidalar və yüksək kalorili qəlyanaltılar ümumi enerji qəbulunu artırır. Hətta sağlam və ya dietik hesab edilən bəzi qidalar da yüksək kalorili ola bilər. Bununla yanaşı, bəzi hormonal pozuntular, o cümlədən qalxanabənzər vəzi xəstəlikləri, prediabet, diabet və müəyyən cinsi hormon pozuntuları çəki artımına təsir göstərə bilər. Uzun müddət qəbul edilən bəzi dərman preparatları da çəki artımına səbəb ola bilər. Bəs çox yeyib kökəlməyən insanlarla bağlı nə demək olar? Bu şəxslərdə bazal metabolizm sürəti nisbətən yüksək ola, gün ərzində fərqində olmadan daha çox hərəkət edə bilərlər. Bu cür gündəlik hərəkətlər NEAT — məşqdənkənar fiziki aktivlik zamanı sərf olunan enerji adlanır. Genetik xüsusiyyətlər və enerji sərfiyyatındakı fərqlər də rol oynaya bilər. Bununla belə, çox yeməsinə baxmayaraq kökəlməmək hər zaman yüksək metabolizm demək deyil.
- Şəkərli qidalar insulin müqavimətinə necə təsir edir? Bu problem piylənməyə səbəb ola bilərmi?
- Şəkərli içkilər və rafinə olunmuş karbohidratlarla zəngin qidalar, məsələn, ağ çörək, şirniyyat və un məmulatları — qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Qanda qlükozanın səviyyəsi artdıqda mədəaltı vəzi insulin hormonu ifraz edir. İnsulin qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsinə və enerji kimi istifadəsinə kömək edir.
Şəkərli və yüksək kalorili qidaların tez-tez, xüsusilə də həddindən artıq qəbulu çəki artımına və metabolik problemlərə şərait yarada bilər. İnsulin müqaviməti isə hüceyrələrin insulinə həssaslığının azalması ilə xarakterizə olunur. Bu zaman qanda qlükoza səviyyəsini tənzimləmək üçün orqanizm daha çox insulin ifraz etməli ola bilər.
İnsulin həm də yağ mübadiləsində iştirak edən, yağ ehtiyatlarının toplanmasını təşviq edən hormondur. İnsulin səviyyəsinin yüksəlməsi yağların parçalanmasını müvəqqəti olaraq zəiflədir. Artıq enerji qəbulu davam etdikdə isə orqanizmdə, xüsusilə qarın nahiyəsində, yağ toplanması arta bilər.

Bundan əlavə, bəzi insanlarda insulin müqaviməti ilə yanaşı aclıq hissinin artması və şirniyyata meyl müşahidə oluna bilər. Lakin insulin müqaviməti olan hər kəsdə bu əlamətlər yaranmır və insulin müqaviməti təkbaşına piylənmənin yeganə səbəbi hesab edilmir. Bu prosesdə qidalanma, fiziki aktivlik, genetik xüsusiyyətlər və digər metabolik amillər də mühüm rol oynayır.
- İnsulin müqaviməti olan insan hansı əlamətlərə diqqət etməlidir?
- İnsulin müqaviməti uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər. Bununla belə, bəzi əlamətlər insanda bu vəziyyətin mövcudluğundan şübhələnməyə əsas verə bilər:
Yeməkdən sonra, xüsusilə karbohidratlarla zəngin qidalanmadan sonra yuxululuq və halsızlıq;
Tez-tez aclıq hissi və şirniyyata güclü meyl;
Qidalanma və fiziki aktivlikdə dəyişikliklərə baxmayaraq çəki verməkdə çətinlik;
Qarın və bel ətrafında piylənmənin artması;
Boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi — akantoz nigrikans;
Dəridə xırda, yumşaq törəmələrin, yəni dəri çıxıntılarının artması;
Uzun müddət ac qaldıqda əsmə, əsəbilik və başgicəllənmə kimi şikayətlər.
Bu əlamətlərin heç biri təkbaşına insulin müqavimətinin olduğunu təsdiqləmir. Məsələn, yeməkdən sonra yuxululuq və ya aclıq zamanı əsmə başqa səbəblərlə də bağlı ola bilər. Buna görə özbaşına diaqnoz qoymaq əvəzinə həkimə müraciət etmək vacibdir.
- İnsulin müqavimətini müəyyən etmək üçün hansı analizlər verilməlidir?
- Yuxarıda qeyd olunan şikayətləri olan şəxslər ailə həkiminə və ya endokrinoloqa müraciət edə bilərlər. Həkim şikayətləri, tibbi tarixçəni, fiziki müayinə nəticələrini və risk faktorlarını nəzərə alaraq müvafiq müayinələr təyin edir. Qanda acqarına qlükoza, qlikohemoqlobin (HbA1c) və zərurət olduqda oral qlükoza tolerantlıq testi (OGTT) qlükoza mübadiləsini qiymətləndirmək üçün istifadə olunur. Bəzi hallarda acqarına insulin səviyyəsi və HOMA-IR göstəricisi də nəzərdən keçirilə bilər. Lakin insulin müqavimətini müəyyənləşdirmək üçün vahid, hamı üçün uyğun analiz yoxdur və HOMA-IR nəticəsi də təkbaşına diaqnoz qoymaq üçün kifayət etmir.
Müayinələrin seçimi fərdi şəkildə aparılmalıdır. Əsas məqsəd yalnız insulin müqavimətini qiymətləndirmək deyil, həm də prediabet, diabet və digər mümkün metabolik problemləri vaxtında aşkar etməkdir.
- Arıqlamaq istəyən, lakin çəki verə bilməyən insanlar qidalanmalarında nəyi dəyişməlidirlər?
- Çəki azaltmaq istəyən insanlar ilk növbədə qidalanma vərdişlərinə yenidən nəzər salmalı, davamlı və balanslı qidalanma modelinə üstünlük verməlidirlər. Birincisi, rafinə olunmuş karbohidratları məhdudlaşdırmaq lazımdır. Ağ çörək, şirniyyat, şəkərli içkilər və digər yüksək dərəcədə emal olunmuş karbohidratların əvəzinə tam taxıllara, qarabaşağa, tərəvəzlərə və liflə zəngin qidalara üstünlük vermək faydalıdır.
İkincisi, hər əsas qidalanmada zülal mənbələrinə yer vermək vacibdir. Yumurta, balıq, yağsız ət, kəsmik və digər uyğun zülal mənbələri toxluq hissinin qorunmasına kömək edir. Zeytun yağı, avokado və çərəzlər kimi sağlam yağlar da balanslı qidalanmanın bir hissəsi ola bilər. Bununla belə, bu məhsulların da porsiya ölçüsünə diqqət yetirilməlidir, çünki onların enerji dəyəri yüksək ola bilər.
Üçüncüsü, lif qəbulunu artırmaq lazımdır. Tərəvəzlər, göyərti, paxlalılar və tam taxıllar həzmi ləngidə, toxluq hissini uzada və yeməkdən sonra qan şəkərinin daha tədricən yüksəlməsinə kömək edə bilər.
Dördüncüsü, bütöv və az emal olunmuş qidalara üstünlük verilməlidir. Paketlənmiş qəlyanaltıların, şəkərli içkilərin və yüksək kalorili hazır məhsulların tez-tez qəbulunu azaltmaq ümumi enerji qəbulunu idarə etməyə kömək edir. Ən vacib məqamlardan biri isə həddindən artıq məhdudlaşdırıcı pəhrizlərdən uzaq durmaqdır. Davamlı çəki idarəçiliyi üçün qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və fərdi ehtiyaclara uyğun həyat tərzi də nəzərə alınmalıdır. Əgər insan balanslı qidalanmasına və fiziki aktivliyinə baxmayaraq uzun müddət çəki verə bilmirsə, səbəbi yalnız iradə və ya qidalanma səhvləri ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda həkim müayinəsi ilə mümkün hormonal və metabolik səbəblərin araşdırılması məqsədəuyğundur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız