Artıq havalar isinməyə başlayandan bəri tez-tez küçədə, ictimai nəqliyyatda gənc xanımları göbəyi açıq geyimlərdə görürük. Həmçinin sosial şəbəkələrdə son zamanlar təkcə zövq deyil, cəsarətli geyinmək də dəbə düşüb. Tanınmışlar fərqlənmək üçün eyni zamanda cəsarətli geyimlərə üstünlük verirlər. Azərbaycan şou-biznesində bir çox müğənni cəsarətli geyim performansları sərgiləməklə diqqət çəkməyə maraq göstərirlər.
Bəs görəsən, niyə qızlar göbəyiaçıq geyinməyə üstünlük verirlər? Belə geyimlər bu ilin dəbidirmi?
Ümumiyyətlə, bu yay dəbdə olan geyimlər və rənglər hansılardır?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış modelyer Şəlalə Maqsudova bildirib ki, göbəyiaçıq geyimlər heç də dəbdə deyil. Onun sözlərinə görə, bu il dar olmayan, uçuşan geyimlər dəbdədir:
"Sual olunur ki, göbəyi açıq geyinmək bu ilin dəbidirmi? Xeyr! 2023-cü ilin yay ayında belə bir dəb yoxdur. Bu ilin yay kolleksiyasında ancaq boş, uçuşan ətəklər, "oversize", bədənə yapışmayan geyimlər var. Bu geyimlərdə əsasən kətan, şifon, pambıq materiallardan istifadə olunur.
Sadəcə olaraq, geyim elə bir şeydir ki, həm rənglər, həm də forma ilə insanı diqqətdə saxlamağı bacarır. Ətrafımıza nəzər salsaq görərik ki, insanlar dəbi izləmir. Hər hansı rəng, yaxud forma dəbdə olsa da, müşayiət edirəm ki, yenə də insanlar özlərinə uyğun geyimi seçirlər - istər açıq, istərsə qapalı".
Ş.Maqsudova qeyd edib ki, xanımlar daha çox diqqət cəlb etmək üçün açıq-saçıq geyimlərə müraciət edirlər və bunun dəblə heç bir əlaqəsi yoxdur:
"Təbii ki, açıq geyimlər daha çox diqqət cəlb edir. Çünki bədəni göstərir. Xanımlarımızın əksəriyyəti bədənşəkilləndirmə əməliyyatından sonra öz vücudlarını göstərmək üçün açıq-saçıq geyimlərə daha çox üstünlük verirlər. Bu da təbii ki, diqqət cəlb etmək üçündür, amma dəbdə olan bu deyil.
Bu yay dəbdə olan rənglər yaşıl, qırmızıdır. Bu il qırmızı daha çox favorit olacaq. Yenə deyirəm. Xanımlarımız rəng seçimlərində dəb dalınca qaçmır, daha çox diqqətçəkən rənglərə müraciət edirlər".
Əsmətxanım Rzazadə
Telegram kanalımız