Göz rəngini dəyişmə həvəsinə düşənlərin bilmədiyi bir həqiqət var: “Bu prosedur geri dönüşsüzdür”.
Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, oftalmocərrah Tural Qəlbinur bildirib.
O bu trendin görmə qabiliyyətinin itirilməsinə qədər ağır fəsadlara səbəb ola biləcəyi qənaətindədir. Pepperoni pizza
Tural Qəlbinurun sözlərinə görə, sağlam gözün yalnız estetik məqsədlə əməliyyata məruz qoyulması tibbi baxımdan qəbuledilməzdir:
“Son vaxtlar populyarlaşan keratopiqmentasiya buynuz qişaya piqment vurulması proseduru beynəlxalq oftalmoloji cəmiyyətlər tərəfindən estetik məqsədlə təhlükəsiz üsul kimi təsdiqlənməyib. Hazırda bu əməliyyatı etdirən və sonradan şiddətli iltihab, dözülməz quru göz sindromu ilə müraciət edən xəstələr olur. Bu hallar prosedurun təhlükələrinin artıq praktikada özünü göstərdiyini sübut edir".
Oftalmocərrah qeyd edib ki, sosial şəbəkələrdə prosedurun "10-15 dəqiqəlik təhlükəsiz əməliyyat" kimi təqdim olunması reallığı əks etdirmir:
“Çünki bu müdaxilə gözün anatomik quruluşuna təsir göstərir, təbii nəmlənmə balansını pozur və xroniki iltihabi proseslərə səbəb ola bilir. Keratopiqmentasiya görmə qabiliyyətinin ciddi şəkildə zəifləməsi, hətta itirilməsi riski yaradır. Bu prosedur nəticəsində göz dibinin müayinəsi çətinləşə, gələcəkdə yaranacaq şəkərli diabet, qlaukoma və torlu qişa xəstəliklərinin vaxtında aşkarlanması mümkünsüz ola bilər.
Yaşla əlaqədar yaranan kataraktanın əməliyyatı da belə xəstələrdə daha mürəkkəb və riskli keçir. Bundan başqa, şiddətli quru göz sindromu, xroniki iltihab, buynuz qişanın bulanması və ağır hallarda buynuz qişa köçürülməsinə ehtiyac yaranması da mümkün fəsadlar sırasındadır.
T.Qəlbinur diqqətə çatdırıb ki, bu prosedur geri dönüşsüzdür:
"Keratopiqmentasiya zamanı buynuz qişaya yeridilən piqmenti sonradan çıxarmaq və insanı əvvəlki təbii göz rənginə qaytarmaq mümkün deyil. Estetik məqsədlə bu cür riskli müdaxilələrdən uzaq durmaq tövsiyə olunur”.
Onun sözlərinə görə, göz rəngini dəyişmək istəyənlər yalnız oftalmoloq müayinəsindən sonra keyfiyyətli kosmetik kontakt linzalardan istifadə etməlidirlər. Bu, cərrahi müdaxilə ilə müqayisədə xeyli təhlükəsiz seçim hesab olunur.
Aytəkin Əzizqızı
Telegram kanalımız