“Tibb, hərbləşdirilmiş sahələr, hüquq-mühafizə orqanları sistemlərində işə götürüləndə insanların sağlamlıqları ilə bağlı arayışlar tələb olunur. Bu proses xarici vətəndaşlara aiddir. Ölkəyə istənilən sahədə işləmək üçün gələndə onlardan tibbi arayış istənilir”.
Bu sözləri Yenisabah.az-a hüquqşünas Əkrəm Həsənov “insanlar işəqəbul prosesində psixoloji müayinədən keçirilməlidirmi?” sualını şərh edərkən bildirib. Onun sözlərinə görə, verilən arayışların əksəriyyəti saxta olur:
“Bu mövzuya daha dərin yanaşsaq, Azərbaycanda belə tibbi arayışların əksər hallarda formal xarakter daşıdığı çoxlarına məlumdur. Kiminsə işə görə tam tibbi müayinədən keçməsi halları çox azdır. Amma bunlara baxmayaraq, tibbi arayışları qanuni yolda əldə də edənlər var”. Dominos pizza
Hüquqşünas deyib ki, hər bir sahədə işəqəbul üçün arayış tələb olunarsa, tibbi arayışların pulla alınması ehtimalı da yüksə bilər. Digər tərəfdən ölkədə psixoloji durumla bağlı dəqiq rəy verən mütəxəssislərin yetərincə deyil:
“Əgər, tibbi arayış məsələsi hər sahəyə tətbiq olunsa, bu mütəxəssislərin işi-gücü ancaq tibbi arayışları verməkdən ibarət olacaq. Mən psixoloji vəziyyətləri yerində olmayan psixoloqlar tanıyıram. Hər kəsin də psixoloji durumunu yoxlamağın tərəfdarı deyiləm. Bunun əvəzinə insanların psixoloji durumunun yerində olmağına çalışmaq onları pozan amillərin çox olmaması üçün fəaliyyət göstərmək lazımdır.
Bu gün insanların psixoloji vəziyyətinin pisləşməsi istiqamətində böyük rol oynayan əsas səbəblərdən birinin də telekanalların olduğunu deyə bilərəm. Əlbəttə ki, bu kanalları izləyənlərin psixoloji vəziyyəti yerində olmaz”.
Ə. Həsənov psixoloji müayinənin güc strukturlarında heç olmasa, ildə bir dəfə olmasının vacibliyini də vurğulayır:
“Son vaxtlar güc strukturlarında baş verən cinayət halları bu qurumlarda çalışan əməkdaşların heç olmasa, ildə bir dəfə psixoloji müayinədən keçirilməsinin vacibliyini göstərdi. Əslində, insanın psixi durumu hər dəfə dəyişə bilər. Amma güc strukturlarında - daha dəqiq, hüquq-mühafizə orqanlarında bu məsələ daha çətindir. Bu orqanın işçilərinin doğurdan da, tibbi müayinədən keçdiyini düşünmək sadəlövhlükdür. Onlara tibbi arayış verən hansı qurum bu cür məsuliyyəti öz üzərinə götürür? Hamısı çəkinirlər. Heç kim özünə problem yaşamasını istəməz.
Düşünürəm ki, güc strukturları əməkdaşları üçün onlardan qorxmayan, çəkinməyən tibb müəssisəsi olmalıdır. Bu o dərəcədə olmalıdır ki, həkimlər onların gəlib tibbi müayinədən keçməsini tələb eləsin. Bu adamın yoxlanışdan keçdiyini göstərən kamera görüntüləri də olmalıdır. Əks halda, nəticə dəyişməyəcək.
Tibb elmi də dəqiq elm deyil. Müayinə nəticələrinin dəyişməsi yüksəkdir. Nə vaxtsa hadisə baş versə, həkim “onu müayinə edəndə sağlam idi” deyə bilər. Burada da düzgün rəy verib-verməməsini qiymətləndirmək çətindir.
Bizdə bəzən polislər özləri qanuna riayət eləmir. Bu halda bizim bunlardan gedib tibbi müayinədən keçməyi gözləməyimiz gülüncdür. “Mən polis olduğum halda, məndəmi yol hərəkəti qaydalarına riayət eləməliyəm?!” sualını verən polislər görmüşəm”.
İmamət İSMAYILOVA
Telegram kanalımız