Sentyabr ayında yenidən qapanmanın olacağı ilə bağlı fikirlər səslənir. Bu fikirlərin nəticəsindəki mənzərədən aydın olur ki, indidən buna görə narahatlıq duyanlar da az deyil.
Azərbaycanda koronavirusun hazırkı durumuyla, o cümlədən yenidən qapanmaya ehtiyacın olub-olmamasıyla bağlı həkim radioloq Aydın Əliyev Yenisabah.az-a açıqlamasında deyib ki, yoluxma sayının artmasının heç bir önəmi yoxdur. Çünki xəstəlik yüngül keçirilir:
“Yeni məlumatlarda 700 yeni yoluxma, ölüm sayı sıfır olduğuna rast gəldim. Pandemiyanın əvvəlində yüz nəfərə 1-2 ölüm olurdu. Ölümlər isə həmişə dediyim kimi şübhəlidir. Xəstənin nədən öldüyünü müəyyən etmək üçün meyit təşrih olunmalıdır. Bu, olunmursa, deməli, ölənlərin məhz koronavirusdan olduğunu demək olmaz”. Dominos pizza
Həkim bildirib ki, koronavirus adi qrip kimi keçirildiyinə görə qapanmaya ehtiyac yoxdur:
“Koronavirus dəfələrlə mutasiyaya uğrayıb və xəstəlik yüngül adi qrip kimi keçirildiyinə görə yoluxma sayının 10, 15, 20 minə qalxmasının heç bir önəmi yoxdur.
Buna görə də karantin qaydalarını sərtləşdirməyə, yeni karantin qaydaları tətbiq eləməyə lüzum yoxdur. Mən 85 yaşında bu yaxınlarda yoluxub sağalan adam tanıyıram. Son həftələrdə də onlarla xəstənin döş qəfəsinin (ağciyərinin) kompüter tomoqrafiya və rentgen müayinələrinin nəticələri ilə tanış oldum.
Heç birinin tənəffüs orqanında zədələnmə görünmür. Bu da bir daha xəstəliyin yüngül keçirilməsinin əlamətləridir. Yəni, əgər, qapanma olacaqsa, bu, tibbi yöndən yox, siyasi motivli ola bilər. Başqa sözlə, tibbi baxımdan karantin qaydaları tətbiq etməyə heç bir ehtiyac yoxdur.
Adi qripə yoluxma koronavirusa yoluxmaya sayından daha çoxdur. Buna görə karantin tətbiq edilirmi?! Ona görə də qapanma tətbiq etmək lazımsızdır. Bu, rəyimiz və təklifimizdir. İndi nə edəcəklərsə, onu özləri bilir”.
Bəzən yoluxma sayı statistikasının qəsdən şişirdilməsi haqda iddialara gəldikdə A. Əliyev deyir ki, bu haqda dəqiq fikir söyləyə bilməz.
“Bu barədə mənim bir məlumatım yoxdur. Ölüm sayı dəqiq etibarlı, yoluxma sayının isə nə qədər çox olması vacib deyil. Sentyabrda nə edəcəklərsə, biz də ona uyğun olaraq reaksiya verəcəyik. Niyə qapanma olsun?! Bunun üçün heç bir əsas yoxdur, olacaqsa, biz buna etiraz etməliyik. Çünki bu, insanların haqqına girməkdir. 200 manat maaş alan şəxsə 100 manat maska cəriməsi ödəməyə məcbur edirlər. Bu da heç bir müstəviyə sığmır.
Bir çox jurnalistlər hər gün yoluxma sayının artmasını yazırlar. Bu məlumatları yazmağın mənası yoxdur. Bu informasiyalarla insanları təşvişə salmasın. Panika formalaşdırmağa lüzum yoxdur”.
İmamət İSMAYILOVA
Telegram kanalımız