İctimai və dövlət maraqlarının müdafiəsi: Vətəndaş cəmiyyəti institutları nə etməlidir?

saytların hazırlanması

Evə çatdırılma

İctimai və dövlət maraqlarının müdafiəsi: Vətəndaş cəmiyyəti institutları nə etməlidir?

Sosial

21 Dekabr 2023 17:12 615


İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur.

Məlumdur ki, ictimai maraqlar hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Buraya ictimai və dövlət maraqlarının müxtəlif aspektlərinə dair hüquqi bazanın təkmilləşdirilməsi, monitorinqi və s. məsələlər daxildir.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, vətəndaş cəmiyyəti institutlarının ictimai maraqların qorunmasında rolu böyükdür və bu roldan istifadə etmək üçün kifayət qədər imkanlar var: pizza sifarişi

“Bu yoldan istifadə etmək üçün müvafiq addımların atılması vacibdir. Bu mənada vətəndaş cəmiyyəti institutlarının çox böyük rolu var və onların üzərinə məsuliyyət düşür. Azərbaycan cəmiyyətində bu funksiyanı uğurla yerinə yetirə biləcək institutlar var, amma mənə elə gəlir ki, bu sahənin ciddi şəkildə canlandırılmasına ehtiyac böyükdür”.

Deputatın fikrincə, bu imkanlardan daha da yararlanmalıyıq:

“Bu prosesdə iştirak üçün isə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var, yəni bu, təşviq olunmalıdır. Eləcə də burada vətəndaş cəmiyyəti institutlarının üzərinə çox böyük və mühüm vəzifələr düşür. Onlar öz aktivlərini qorumalı, daha fəal olmalı, daha çox çalışmalı və prosesə öz töhfələrini vermək üçün səylərini gücləndirməlidir. Onlar ciddi addım ataraq bu prosesdə öz fəallıqlarını təmin edib qorumalıdırlar. Burada dövlət üzərinə düşən addımları atır və atmağa da davam edir”.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli isə söyləyib ki, ictimai maraqların qorunması məhz vətəndaş cəmiyyətləri institutlarının əsas missiyası və qayəsidir:

“Belə ki, dövlət dövlət maraqlarını qoruyursa, biznes də öz maraqlarını qoruyur. Biznesin əsas marağı gəlir əldə etməkdir. Dövlət isə təhlükəsizlik, müdafiə məsələləri və asayişin qorunmasını daha çox prioritet hesab edir. O cümlədən bizneslə əməkdaşlıq iqtisadi inkişafa nail olmaq və iqtisadi tərəqqini təmin etmək dövlətin əsas strateji xətti kimi çıxış edir”.

Onun sözlərinə görə, ictimai maraqların qorunması həm dövlət müstəvisində, həm də bizneslə əməkdaşlıqda məhz QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının üzərinə düşür:

“İctimai maraq dedikdə biz cəmiyyəti narahat edən aktual məsələlərin həlli, əhalinin haqq və hüquqları, o cümlədən sosial, iqtisadi hüquqlar, xüsusən isə insan hüquq və azadlıqlarının, ətraf-mühitin qorunması kimi başa düşürük. Hansı ki, bu, bir sıra hallarda dövlətin və biznesin diqqətindən kənarda qalır, yaxud da ki, bu və ya digər maraqlar naminə arxa plana keçir”.

Z.İbrahimliyə görə, cəmiyyət, onun inkişafı, cəmiyyətdə ayrı-seçkiliyin, diskriminasiyaya yolverilməməsi, əhalinin aztəminatlı hissəsinin sosial qayğı görməsi və vətəndaşların öz hüquqlarını daha effektiv şəkildə reallaşdırması üçün məhz ictimai maraqların qorunması vacibdir:

“Bu zaman vətəndaş cəmiyyəti institutları həm dövlətin, həm də biznesin maraqları ilə cəmiyyətin aktual hesab etdiyi məsələlərin qorunmasında tarazlığı bərpa edə bilir. Çağdaş dövrümüzdə isə bunun bariz nümunəsi ətraf mühitin qorunması məsələləri ilə bağlıdır. Çünki həm biznes fəaliyyəti, o cümlədən dövlətin biznes fəaliyyəti üçün yaratdığı imkanlar ətraf mühitə xeyli dərəcədə ziyan vura bilər. Bu zaman vətəndaş cəmiyyəti institutları elə bir siyasət yürüdülməsinə çalışmalıdır ki, burada həm biznes maraqları təmin oluna, həm də dövlət iqtisadi inkişafa nail olmaq öhdəliyini yerinə yetirə bilsin. Eyni zamanda ətraf mühit məsələləri də diqqətdə saxlanılsın. Konkret misallarla desək, meşə örtükləri bərpa olunsun, daha çox bərpa olunan enerjidən istifadə olunsun, tullantıların idarə edilməsi daha effektiv təşkil edilsin, ətraf mühitin çirkləndirilməsinin qarşısı alınsın. Biznes də bu zaman elə bir istehsala nail olsun ki, ətraf mühitə minimum ziyan dəysin və tullantıların miqdarı azalsın. Burada dövlət də elə standartlar qəbul etməlidir ki, biznes də bu standartlara əməl etməyə məcbur olsun”.

Mütəxəssisin qənaətinə görə, belə bir mühitin təmin olunması vətəndaş cəmiyyətinin əsas missiyası kimi çıxış edir:

“Biz müxtəlif iqtisadi proqramların həyata keçirilməsində dövlətin niyyətini güdürük. Dövlət biznesə güzəştlər verir, iqtisadi inkişafa nail olmağa çalışır, stimullaşdırma tədbirləri həyata keçirir. Lakin bu zaman, həmçinin əhalinin həssas təbəqələrinin də mənafeləri və maraqları nəzərə alınmalıdır. Bu zaman həm vergi yükünü, həm də investisiyaların həcmi və prioritetləri müəyyənləşdirilərkən ictimai maraqlar da nəzərə alınmalıdır.

Şəhərsalma və məşğulluq məsələlərində də vətəndaş cəmiyyəti institutları tarazlığı qoruyur, bunun üçün çalışır. Onla çalışır ki, əhalinin daha az müdafiə olunan hissəsi ilə resurslardan faydalana bilsin. Yaxud dövlətin ixtiyarında olan resurslar əhali üçün daha əlçatan olsun”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!