Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İmam 10 ildir zühur edib, xəbərimiz yoxdu
24 Avq 2021 20:08
13700

İmam 10 ildir zühur edib, xəbərimiz yoxdu

Dinlə bağlı ən böyük fırıldaq etmiş şəxs kimi Həsən Sabbahı bilirdim. Adam “Ələmut” qalasında “Qurani-Kərim”də təsvir olunan cənnətin eynisini yaratmışdı. Gənc və gözəl kölə qızları həmin “cənnətə” yığmışdı. Oradan özündən və kölələrindən başqa heç kimin xəbəri yox idi. Əslində, sənət əsəri kimi düşünülsə o bir möcüzə yaratmışdı. 

Əsgərlərini özünə bağlamaq, ilahi şəxs olduğunu onlara inandırmaq üçün hərdən bir neçə seçmə əsgərinə “patı” verib uydururdu. O zavallılar da gözlərini açanda özlərini həmin “cənnətdə” görürdülər. Bir müddət orada əsl cənnət yaşayırdılar.  Sonra Həsən Sabbah elə apardığı kimi də onları cənnətdə geri, öz yanına transport edirdi. 

Həmin cənnət həzzindən sonra bu xəbər bütün ordusuna yayılırdı. Cənnətdən qayıdan əsgərlər yenidən o “cənnət”ə düşmək üçün hər şeyə hazır olurdular. Sabbah isə onlara ikinci dəfə cənnətə getmək üçün yalnız bir yol olduğunu bildirirdi: Ölüm. 

Buna görə də əsgərləri o “mübarək” şəxs üçün gözlərini qırpmadan ən qatı cinayətləri törətməyə hazır idilər. Elə bu fırıldağın nəticəsində də Sabbah orta əsrlərdə dünya tarixinin ən yenilməz sui-qəsdçi ordusunu yarada bilmişdi. Böyük hökmdarlar – Məlikşahdan tutmuş Səlahəddin Əyyubiyə qədər hamısı Sabbahla hesablaşmaq məcburiyyətində qalmışdı.

Sabbahın bir idealı vardı. O düşmənlərini məhv etmək üçün xurafatdan və cahillikdən öz xeyrinə istifadə etdi.

Üzərindən 10 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, bu coğrafiyada heç nə dəyişməyib. Yenə də həmin xurafat, yenə də “zühur” edən imamlar.

Dünən sosial şəbəkədə bir video çıxdı qarşıma. Dindar kimi təqdim olunan bir gənc danışır. Deyir bir dostu 44 günlük müharibədə 25 əsgərlə birlikdə 120 erməninin mühasirəsinə düşüb: “O həmin vaxt diz çökərək deyib ki, “Ya İmam Hüseyn ağa, Ya Əbəlfəz ağa, Ya Hacətlər qapısı, özün gəl köməyə, day uje vaxtıdır”. Deyir bir də gördüm ki, toz-duman qalxdı, ağ atın belində qara saqqallı bir nəfər mənfur düşmənin üstünə getdi. Deyir inana bilmədim, yerdən toz-torpağı götürüb üzümə vurdum ki, ilahi bu nədir mən görürəm. Mənim gördüyümü heç kim görmürdü. Deyir dönüb arxama baxdım ki, İmam Hüseyn ağa qara əbada arxamda dayanıb dedi ki, gedin, mən də gəlirəm. Elə bir şərait yarandı ki, həmin 120 erməninin hamısı məhv edildi”. Məndən fərqli olaraq, onun bu hekayəsinə qulaq asanları ağlamaq tutmuşdu…

Bu gün isə daha sensasion bir məlumat yayıldı. Məlum oldu ki, bütün dünyanın gözlədiyi 12-ci imam Mehdi Sahibəzzaman Bakıda zühur edibmiş və 10 ildir ki, fəaliyyət göstərirmiş. Bizim qulağımızın dibindən xəbərimiz yoxmuş. 

Şeyx Nəsrullah bədii obrazdır, amma bizim Bakıda zühur edən obraz filan deyil, 150 kilo çəkisi olan Aqil Babayevdir. 

DİN-in bu haqda hazırladığı video-reportajı izlədim. Bəlli olur ki, bu 10 il müddətində “İmam Mehdi” onlarla iş adamını “sağıb”. Söhbət yüzminlərlə manatdan gedir. Hətta onlardan biri 400 min manat verdiyini bildirir. Normal halda imkansız bir adam bu iş adamlarından 5 manat istəsə, verməzlər. Amma Aqil Babayevin nuru onların əlini-qolunu bağlayıb. Qazandıqlarını “imamın” qapısına daşıyıblar. 

Bir də onda ayılıblar ki, “İmam Mehdi” özü üçün əməlli başlı şərait qurub, “Ələmut” qalası kimi villa tikib. 

Din mənəvi məsələdir. Amma təəssüf ki, din əksər hallarda dələduzların sığınacaq yeri olub. Bu gün də belədir. Korluq və avamlıq hələ çoxumuzu din fırıldaqçılarının qurbanına çevirə bilər. Mənim şəxsən tanıdığım iş adamları var. İnanın ki, adını yaza bilmir. Amma di gəl ki, onları eşşək vurub cənnətə salıb.  Azərbaycanda elə vəziyyət yaranıb ki, normal təhsili, düşüncəsi, biznes planı olanlar deyil, yaxşı dostu, qohumu, əqrəbası olanlar iş dünyasında yüksələ bilirlər. Sonunda da imam zühur edib başlarına qapaz vurur və əllərində nə var alıb aparır. 

Bakıdakı “imam Mehdi” isə qapaz vurmurmuş, pulu alandan sonra onları şallaqlayırmış. Deyir elə vururdu ki, aylarla şallağın izi kürəklərində qalırmış. Şallağın dərd görməsin, Ya İmam!

Elnur Məmmədli 

  • ismayil adiloglu
    ismayil adiloglu
    Gedib desəydinki 50 manat ver kasıb bir ailəyə yardım edək canı çıxardı verməzdi.Gərək imamdan qabaq o iş adamlarını tutardılarki gəl görək o boyda pulu hardan almışdınız
    2 months ago Cavab 0
  • Vahid Rəhimov
    Vahid Rəhimov
    Belə olur ey! Elə bilirsiniz ki, hər şeydən yazırsınız, amma bu boyda zadı duymamısınız. O boyda "imam" uje zühr eliyib sizsiz. Özü də "imam" ın ağzında metal disi var, görəsən harda qoydurub onu? ????????????????????????
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər