9 Avqust - 06:41
İmtahanda az bal yığanlar hansı ixtisasları seçə bilər? –  Təfərrüatlar  

İmtahanda az bal yığanlar hansı ixtisasları seçə bilər? – Təfərrüatlar  

Sosial

04 Avqust 2022 16:03 9866


“Ən vacib məqamlardan biri ali təhsil müəssisələrinə ixtisas seçimidir. Əvvəlki illərdə səhv ixtisas seçimi nəticəsində yüksək ballı abituriyentlərin qəbul prosesindən kənarda qaldıqlarını görmüşük.  Ona  görə də abituriyentlər diqqətli olmalıdırlar”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. 

O, ali təhsil müəssisələrinə qəbul qaydalarını izah edib:

“Bütün ixtisas qruplarında seçim üçün minimum 200 və ya ondan çox bal olmalıdır. Amma bunun da xüsusi incəlikləri var.

Abituriyentlər buraxılış və blok imtahanı olmaqla, 2 mərhələli imtahan verir. 1, 2, 3 və 4-cü qruplar üzrə ümumi balı 200 və ondan çox, ikinci mərhələdə, yəni blok üzrə 100 və ondan çox bal toplayanlar həmin ixtisas qrupunun bütün ixtisaslarını seçə bilərlər. Amma tutaq ki, blokdan yəni, ixtisas qrupu imtahanından abituriyent 100 yox, 50-99 arası bal toplayıbsa, o da ixtisas seçimi edə bilər. 

Belə olduğu halda, ixtisas seçimi məhdudiyyəti ortalığa çıxır. Məsələn, 1-ci qrupda ümumi balı 150 və 150-dən çox, blok üzrə balı isə 50-99 bal olanlar (ümumi bal dedikdə, blok imtahanı balıyla buraxılış imtahanının cəmi nəzərdə tutulur) bu ixtisas qrupunda “Meliorasiya mühəndisliyi”, “Texnologiya müəllimliyi”, “Ekologiya mühəndisliyi”, “Aqronomluq”, “Balıqçılıq”, “Meşəçilik”, “Şərabçılıq”, “Torpaqşünaslıq”, “Aqrokimya”, “Yer quruluşu və daşınmaz əmlakın kadastrı”,  “Zoomühəndislik” ixtsisalarını seçə bilər.

İkinci ixtisas qrupunda da ikinci mərhələ olan blok imtahanından 50-99 arası bal toplayanlar bu ixtisas qrupunda həmin abituriyentlər “Marketinq”, “Biznesin idarə edilməsi”, “Turizm bələdçiliyi”, “Turizm işinin təşkili” ixtisaslarını seçə bilərlər. 

Üçüncü ixtisas qrupu üzrə ümumi balı 150 və 150-dən çox, amma blok üzrə 50-99 bal toplayanlar bu ixtisas qrupunda “Muzey, arxiv işlərinin qorunması”, “Sosial iş”, “Regionşünaslıq” seçə bilərlər. Amma “Regionşünaslıq” ixtisasını seçmək üçün onlar 0-da daxil, neçə bal toplamağından asılı olmayaraq, coğrafiya fənnindən imtahan verməlidirlər. Coğrafiya imtahanı verməsələr, 150-dən çox bal toplasalar da, bu ixtisası  seçə bilməzlər. 

Dördüncü ixtisas qrupunda da ümumi balı 150 və 150-dən çox, blok üzrə isə 50-99 bal arası toplayanlar “Ekologiya”, “Bağçılıq və tərəvəzçilik”, Baytarlıq təbabəti”,  “Bitki mühafizəsi”,  “Su-bio  ehtiyatları və  akvakultura” ixtisaslarını seçə bilərlər.

Beşinci ixtisas qrupunda isə müsabiqə şərtləri qabiliyyət imtahanıdır. Amma bir maraqlı məsələ var.  Bu qrupda bütün ixtisaslar heç də qabiliyyətlə deyil. Məsələn, “Dizayn” ixtisası üç universitetdə qabiliyyət imtahanı tələb edilməsi ilə qəbul prosesi həyata keçirilir. Yalnız Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, və Odlar Yurdu Universitetində bu ixtisas üzrə qəbul imtahanı belə aparılır. 

Kadrları universitet yetişdirir. Çox güman ki, bu universitetlər üçün yetərli olan abituriyentin bilik və bacarıqlarıdır. Tələbə yetişə bilməsə, universiteti bitirə bilməyəcək. Yəni əgər abituriyent müəyyən bal toplayıbsa, bunda müəyyən bacarıqları formalaşdırmaq olacaq”.

“60-dan çox bal toplayanlar bu ixtisası seçə bilərlər. Amma bu ixtisas qrupunda “Məşqçilik”, “Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq”, “Musiqi müəllimliyi”, “Təsviri incəsənət” ixtisaslarında isə 60-dan çox bal toplayan, qabiliyyət imtahanında məqbul bal alan  abituriyentlər iştirak edə bilər. “Dekorativ-tətbiqi sənət”, “Vokal sənəti”ni seçmək istəyənlər 60 bal, amma qabiliyyət imtahanında  minimum 6 bal toplamalıdır. “Məşqçilik” ixtisası isə bal yox, “məqbul”la qiymətləndirilir. Ən az bal “Xoreoqrafiya”dadır. Qabiliyyətdən 6 bal, ümumi isə 30 bal toplayanlar bu ixtisasın seçimində iştirak edə bilərlər”-ekspert fikirlərini yekunlaşdırıb.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!