İndiyə kimi baxdığınız filmlərdə öpüşmə səhnəsi olmayıb?..

İndiyə kimi baxdığınız filmlərdə öpüşmə səhnəsi olmayıb?..

Sosial

01 Fevral 2023 08:51 1123


"Əqrəb mövsümü" serialını izləməyə vaxtım olmayıb. Amma bu ekran əsəriylə bağlı aparılan müzakirələrdən xəbərdaram. Belə başa düşürəm ki, yaradıcı heyət ortaya yaxşı bir iş qoyub. Demirəm ki, "Qurdlar vadisi"ndən daha yaxşı serial çəkiblər. Amma adlarından söz etdirə biliblər. İndi hamı onlardan danışır. Öyən də var, söyən də...

 Allah - Təala dili insana danışmaq üçün verib. İnsan danışmayanda dalaşır. Əvvəllər hamı ağzına su alıb dururdu. İndi hamı danışır. Bunun heç kimə ziyanı yoxdur. Yüz sözdən biri nə vaxtsa gərəyimiz olar.

 "Əqrəb mövsümü"ndən danışanların hamısı peşəkardırmı? Doğrudanmı, hamısı yüksək ədəbi zövqə, estetik düşüncəyə malikdir?

Yox, əşşi!

Mən əminəm ki, "Əqrəb mövsümü"nü tərif, yaxud tənqid edənlərin ən azı yarısı Adil İsgəndərovu tanımır. Amma yarısından çoxu "Fəlakət"i tanıyır. Toyda Elarizi görəndə yanına qaçıb onunla xatirə şəkli çəkdirir.

Hətta bu da onları danışmaq hüququndan məhrum etmir. "Əqrəb mövsümü"nü çəkən və orda çəkilənlər də bunu bilir. Buna görə də bütün rəylərə hörmət edirlər.

Soruşa bilərsiniz ki, bəs nədən narazısan?

Yazım.

"Əqrəb mövsümü"ndə bir öpüşmə səhnəsi var. Cəmi bir neçə saniyə çəkir. Amma bir neçə gündür ki, camaat həmin səhnədən danışır.

Mən təbiət etibarı ilə mühafizəkar adamam. Dostumuz Aydın Xan kimi heç vaxt öpüşmə azadlığı tələb etməmişəm. Amma hətta bağçaya gedəndə belə uşaqları leyləklərin gətirdiyilə bağlı nağıllara inanmamışam. Heç indiki uşaqlar da inanmır.

Demirəm ki, aktyorlar düz edib öpüşüblər. Deyirəm ki, indiyə kimi baxdığınız filmlərdə, seriallarda heç öpüşmə səhnəsi olmayıb?

Türk, Braziliya, Meksika seriallarında oğlanın sevgilisinin, yaxud məşuqəsinin dodağını az qala yerindən qopartdığını heç görməmisiniz? Həmin səhnələr olanda televizorun ekranını dəyişmisiniz?

Xəbəriniz varmı, "Əqrəb mövsümü"ndəki öpüşmə səhnəsi son günlər ən çox izlənilən videolar kateqoriyasına daxildir?

Başlığında döş, bud, baldır olan xəbərlərin siyasi mövzuda olan yazılardan ən azı 10 dəfə çox oxunduğunu bilirsinizmi? Bəs onu da bilirsinizmi bu videoları ən çox izləyən, bu xəbərləri ən çox oxuyan kimlərdir?

Bunu da yazım: Ən çox tənqid edənlər...

"Əqrəb mövsümü"ndəki məlum səhnəyə, hətta ondan dəfələrlə açıq-saçıq səhnələrə də baxmışıq. Sadəcə, etiraf etməyə cəsarətimiz çatmayıb...

Köhnə şakərimizdir: Heç vaxt olduğumuz kimi görünmürük. Buna görə də kənardan bir-birimizin gözünə cin-şeytan kimi görünürük... 

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!