“Çox zaman insanlar düşünür ki, qaraciyər xəstəliyi yalnız müəyyən əlamətlərlə özünü göstərir. Amma hepatit B və C-nin ən təhlükəli xüsusiyyəti odur ki, bu viruslar uzun illər heç bir əlamət vermədən orqanizmdə qala bilər. Uşaq və ya böyüklər özünü tam sağlam hiss edə bilər, amma virus qaraciyərdə zədələnmə prosesini davam etdirə bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında infeksionist-həkim Aytən Zeynalova bildirib. Onun açıqlamasına görə, Hepatit B və C Azərbaycanda da diqqət tələb edən infeksiyalardandır:
“Yoluxma yollarını bilmək və vaxtında müayinə olunmaq xəstəliyin qarşısını almaqda çox önəmlidir. Bəs hansı hallarda diqqətli olmalıyıq? Əgər uşağın və ya böyüyün uzun müddət davam edən halsızlığı, iştahsızlığı, ürəkbulanması, qarın ağrısı, xüsusilə sağ qabırğaaltı nahiyədə narahatlığı olarsa, dəridə və gözlərdə saralma, sidiyin tündləşməsi kimi əlamətlər yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”. pizza
Həkim bildirib ki, hepatit zamanı çox vaxt heç bir şikayət olmur:
“Buna görə risk qruplarında olan şəxslər yalnız simptom gözləməməlidir. Hamiləlik dövründə hepatit B yoxlanışı xüsusilə vacibdir, çünki ana virus daşıyıcısı olarsa, körpəyə keçmə riskini azaltmaq üçün vaxtında tədbirlər görülə bilər. Qan köçürülməsi, əməliyyat, steril olmayan tibbi prosedurlar, tatu və pirsinq, ailədə hepatit xəstəsinin olması kimi hallar da risk yarada bilər.
Müasir tibbdə hepatit B və C aşkarlanması üçün sadə qan analizləri mövcuddur. Hepatit B üçün HBsAg, hepatit C üçün isə anti-HCV testi istifadə olunur.
Ən böyük qorunma yolu məlumatlı olmaq, peyvəndləri vaxtında etdirmək və risk varsa gecikmədən müayinə olunmaqdır. Hepatit vaxtında aşkarlandıqda nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq mümkündür”.
Aytac Əliyeva
Telegram kanalımız