Qazax rayonu Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin rəsmi “Facebook” səhifəsində şagirdlərin rayondakı “dilək ağacı” pirinin ətrafında çəkdirdikləri foto paylaşılıb.
Foto sosial şəbəkələrdə, mətbuatda müzakirəyə çıxarılıb və etirazla qarşılanıb.
Bəs görəsən, şagirdlərin bu tip pirlərə aparılması nə dərəcədə doğrudur? pizza sifarişi
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlı müəllimin orta məktəb şagirdlərini nə məqsədlə pirə aparmasının detallarını bilmədən onun tənqid edilməsinin doğru olmadığını bildirib:
“Bu məsələnin detallarını, nə yerdə olduğunu mən bilmirəm. Bunu heç kim bilmir. Sosial şəbəkələrdə kimsə bir söz deyir və hamı bundan danışır. Amma gərək məsələnin içərisində olasan ki, biləsən müəllim şagirdləri ora nə üçün aparıb, onlara nə deyib.
Bəlkə müəllim şagirdləri aparıb ki, kənddə olan bir məkanı onlara göstərsin, ola bilər ki, həmin “dilək ağacı” tarixi məkan deyil, amma ənənəvi yerdir.
Deyirlər, xurafatdır, şagirdləri belə yerlərə aparmaq olmaz. Vallah, elə İslamın özü başdan-ayağa xurafatdır. O qədər İslam adından xurafat yayanlar var ki... Mən, ümumiyyətlə, belə süni şeyləri bəyənmirəm. Müəllim də aparıb, aparıb da... Aparıb göstərib ki, dədə-babalarımız bax, burada niyyət ediblərmiş. Burada nə var ki?”
Elçin Şıxlı qeyd edib ki, paytaxtın özündə də pirlərə üz tutan xeyli insan var:
“Mərdəkan-Şüvəlandakı ziyarətgaha camaat səhərdən axşama qədər axın edir. Onda oraya niyə gəlirlər? Məgər bu xurafat deyil?! Bu da xurafatdır, İslama zidd olan şeylərdir. Amma camaat gedir, çünki bu, adətdir, ənənədir. İnsanların əlləri “yuxarıya” çatmır, gəlib ziyarətgahlarda əlləri çata biləcək, toxuna biləcəkləri şeylərdən dilək edirlər. Mənə elə gəlir ki, ölkədə müzakirə olunası digər problemlərimiz çoxdur, biz bunları qırağa qoymuşuq və mənasız işlərlə məşğul oluruq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız