"Apple" istifadəçiləri yeni qiymət şoku ilə üzləşə bilər. Şirkətin hazırda satışda olan iPhone 17 seriyasının qiymətlərinə avqustun 10-dan etibarən yenidən baxmağı planlaşdırdığı iddia edilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb. Nəşrin yazdığına görə, Apple qiymət artımını hətta sabahdan – avqustun 10-dan tətbiq edə bilər. Lakin şirkət bu məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.
Əgər iddia reallaşarsa, söhbət iPhone 17 ailəsinin hansı modellərindən gedəcəyi və artımın neçə dollar təşkil edəcəyi hələ məlum deyil. Hazırda ABŞ-da Apple-ın rəsmi mağazasında iPhone 17 modeli 799 dollardan, iPhone Air 999 dollardan, iPhone 17 Pro 1099 dollardan, iPhone 17e isə 599 dollardan başlayır. pizza
Maraqlıdır ki, bu ehtimal Apple-ın son aylardakı qiymət siyasətinin davamı sayıla bilər. Şirkət iyunun sonunda Mac, iPad, Apple TV, HomePod və Vision Pro daxil olmaqla 14 məhsulun qiymətini artırıb. Məsələn, MacBook Air-in başlanğıc qiyməti 1099 dollardan 1299 dollara, iPad-in qiyməti isə 349 dollardan 449 dollara yüksəlib.
Apple qiymət artımlarının əsas səbəbini isə süni intellekt sənayesinin yaratdığı yaddaş və məlumat saxlama komponentləri böhranı ilə əlaqələndirib. Şirkətin baş direktoru Tim Kuk daha əvvəl yaddaş və saxlama komponentlərinin bahalaşmasının qiymət artımlarını qaçılmaz etdiyini açıqlamışdı.
Söhbət əsasən RAM və digər yaddaş çiplərinə tələbin kəskin artmasından gedir. Dünyada süni intellekt sistemləri üçün iri məlumat mərkəzlərinin sürətlə qurulması yaddaş komponentlərinə tələbi artırıb. Nəticədə elektronika istehsalçıları daha yüksək komponent xərcləri ilə üzləşirlər.
Məsələnin daha maraqlı tərəfi isə "Apple"ın iPhone-ları indiyədək bu bahalaşmadan nisbətən qorumasıdır. Şirkət iyunda Mac və iPad modellərinin qiymətini artırarkən iPhone, Apple Watch və AirPods-un qiymətlərinə toxunmamışdı. Apple isə həmin vaxt gələcəkdə əlavə qiymət dəyişikliklərinin mümkünlüyünü tam istisna etməmişdi.
Bu səbəbdən avqustun 10-u ilə bağlı yeni iddia diqqət çəkib.
Digər tərəfdən, Apple üçün qarşıdakı sentyabr ayı daha böyük qiymət dəyişikliklərinin başlanğıcı ola bilər. Xarici mətbuatda şirkətin sentyabrda iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri ilə yanaşı, ilk qatlanan iPhone-unu da təqdim edə biləcəyi yazılır. “MacRumors” sentyabr tədbirində ən azı beş yeni cihazın təqdim olunmasının gözlənildiyini bildirir.
Xüsusilə iPhone 18 Pro seriyasının qiyməti ilə bağlı proqnozlar diqqət çəkir. Artan yaddaş və komponent xərcləri səbəbindən yeni Pro modellərinin əvvəlki nəsildən daha baha ola biləcəyi bildirilir. Bəzi hesabatlarda iPhone 18 Pro üçün 1399 dollar civarında başlanğıc qiymət ehtimalı da səsləndirilib.
Beləliklə, Apple qarşısında iki mühüm məsələ dayanır: bir tərəfdən artan istehsal xərcləri, digər tərəfdən isə qiymətlərin yüksəlməsinin alıcı tələbinə təsiri.
Hazırkı mərhələdə isə iPhone 17 seriyasının avqustun 10-dan bahalaşacağı barədə məlumatı rəsmi qərar kimi qəbul etmək olmaz. "Apple"dan bununla bağlı açıqlama yoxdur. Qiymət dəyişikliyinin olub-olmayacağı və hansı modellərə şamil ediləcəyi yalnız şirkətin rəsmi mağazasında yeni qiymətlər əks olunduqdan sonra dəqiqləşəcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız