“İş istəyəndə deyirlər növbənizi gözləyin, nə qədər gözləyək?“   - Şəhid anası

saytların hazırlanması

Evə çatdırılma

“İş istəyəndə deyirlər növbənizi gözləyin, nə qədər gözləyək?“ - Şəhid anası

Sosial

13 Noyabr 2022 15:30 894


Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin evlə təmin olunması, müharibə əlillərinin müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyaya daxil olan insanlara həssas münasibətin göstəricisi sayıla bilər. 

Qeyd edək ki, sosial tədbirlər paketi ilbəil genişləndirilir. 2023-ci ildə də şəhid və qazi ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair xeyli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 

Buna baxmayaraq, bəzən diqqətdən kənarda qalan, yaxud məmur biganəliyi ilə üzləşən ailələr də olur. Televiziyalar, KİV-lər bu problemləri gündəmə gətirməklə onların həllini sürətləndirir, görülən işlərin miqyasının artırılmasına yardım edirlər.  Pepperoni pizza

Cəfərzadə Tarif Qədim oğlu 1 yanvar 2002-ci ildə Astara rayonu Pəlkəş/Lomin kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində vuruşub. 03.11.2020-ci il tarixində Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tarif Cəfərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Şəhid atası Qədim Cəfərov deyir ki, ailə olaraq uzun müddət Lomin kəndində yaşayıblar: “Ata-baba Lomində yaşamışıq. Kənd dağlıq ərazidə yerləşir, şəraitsizlik, evsizlik, bir də hara gedirdim Tarifi görürdüm deyə, bura - Deqədiyə köçmüşük. Sağ olsun dostlar, burda bizə bu şəraiti yaradıblar. Lomində qalsaydım indi ölmüşdüm. Burda da şəraitim gördüyünüz kimi elə də yaxşı deyil, ev kiçik, ailə böyük. Qış düşəndə ailənin bir hissəi Lominə gedəcək. Beş övladım var, iki qız, üç oğlan. Taarif sonbeşik idi. 10 ay idi həqiqi hərbi xidmətə yollanmışdı, sonra müharibə başladı, noyabrın 3-nə kimi döyüşüb, sonra şəhid olub. Şəhid olandan sonra bir ay tapa bilmədik. Uzun axtarışdan sonra noyabrın 30-da nəşini gətirdilər. Kimliyi bəlli olmurdu, testlə, analizlə birtəhər müəyyənləşdirdilər. Biz də başa düşürük müharibə idi, şəhid çox… Şəhid olanların kimliklərini müəyyənləşdirmək bəzən vaxt aparırdı”.

Qədim Cəfərov bildirib ki, Tarif dövlət tərəfindən bir neçə medalla təltif olunub: “Dövlətin və rayon rəhbərliyinin münasibəti normaldır. Zəng edib maraqlanırlar. Amma demək məcburiyyətindəyəm ki, problemlərimiz də var. İşsizlikdən digər oğlum Tamerlan Qaradağda daş karxanasında fəhlə işləyir. Onun iki uşağı var, ikisi də xəstə, nə danışırlar, nə də eşidirlər… Özüm təqaüd alıram, yoldaşım isə işləmir, iş yoxdur, daha doğrusu iş verən yoxdur. Kimə deyirik, gözləyin, düzələcək deyirlər. Anamın pensiyası və bir də şəhidə görə verilən müavinətlə dolanırıq. Rayon İcra Hakimiyyətindən, müvafiq şöbədən maraqlanırlar, zəng edirlər, yaxşı qarşılayırlar, amma dediyim kimi bütün bu münasibət problemləri həll etmir. Deyirlər ki, problemlər növbə ilə həll olunacaq, biz də növbəmizi gözləyirik, başqa yolumuz da yoxdur”.

Şəhid anası Mehparə Rukiyeva ölənə kimi Taarifin yolunu gözləyəcəyini bildirir: “Tarif çox ədəbli və sakit, zəhmətkeş övlad idi. Heç vaxt bizi incitməzdi. Əsgər getməyə tələsirdi. Vaxtı çatan kimi həqiqi hərbi xidmətə yollandı. Bir ilə yaxın xidmət etdi. Nə bizi, nə də komandirlərini incitdi. Sonra müharibə başladı, arada-bir telefonla danışırdıq. Deyirdi ana hər şey yaxşıdı. Noyabrın 3-də şəhid olduğunu öyrəndik. Torpaqlarımızın böyük bir hissəsinin azad olunmasında iştirak etmişdi. Bizə də bu təsəlli verir ki, Tarif də bu işdə can qoydu. Onun ölümünə inanmıram, uşağımı istəyirəm”.

Ana problemlərindən danışmaq istəməsə də bəzilərini demək məcburiyyətində qaldığını söylədi: “Danışanda bəziləri deyir ki, şəhid ailələri sui-istifadə edirlər. Nə sui-istifadə edəcəyik? Mənim şəraitimi, yaşayışımı burdan keçən hamı görür. Siz də görürsünüz, ev bərbad gündə, yol da həmçinin… Siz də bu yolla gəldiniz və hər şeyi gördünüz. Yayda tozdan, qışda palçıqdan hərəkət etmək olmur. Gəlib-gedirlər, amma ortada heç bir nəticə yoxdur. Deyirlər növbənizi gözləyin, mənim ömrüm o növbə gələnə kimi çatacaqmı? Oğlumun biri xəstə, iki uşağı var, onlar da xəstə…”

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!