“Övladım Padar kəndinin tək, yeganə İkinci Vətən Müharibəsi şəhididir. İstəyirik ki, Padar kənd orta məktəbinə oğlumun - Mənsurun adı verilsin”.
Bu sözləri beş övladından birini Vətən yolunda şəhid vermiş Hacıqabul rayonunun Padar kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Mənsur Ağayevin anası Mənsurə Ağayeva bildirib.
Qeyd edib ki, uzun illərdir fəaliyyət göstərən Padar kənd orta məktəbinə indiyədək kiminsə adı verilməyib, məktəb hələ də kiminsə adını daşımır. Dördpendirli pizza
“Oğlum, övladım müharibənin başa çatmasına, Qələbə və Zəfərimizə saatlar qalmış, noyabrın 8-də Şuşa şəhərində qəhrəmancasına şəhid olub. Övlad itkisi, oğul dərdi nə qədər ağır və çətin olsa da, dözməkdən, səbr etməkdən başqa çarə yoxdur. Oğlumla, övladımla fəxr edir, qürur hissi keçirirəm. Fəxr edir, qürur hissi keçirəm ki, Mənsur kimi igid, qəhrəman, qorxmaz, cəsur bir oğulun anasıyam. Şəhidlik də, şəhid anası olmaq da hər kəsə nəsib olmur. Bu, böyük bir şərəfdir, müqəddəslikdir.
Övladımın bir neçə medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni var. Bildiyiniz kimi də orden alan şəhidin adına məktəb, uşaq bağçası və digər təhsil, mədəniyyət müəssisələrinin adları verilə bilər. Bu, qanunda da öz əksini tapıb. Ona görə biz də istəyirik ki, Padarın tək İkinci Vətən Müharibəsi şəhidi kimi kənd orta məktəbinə Mənsurun adı verilsin. Hər kəs buna razıdır. Çünki bu, balamın haqqıdır. Bununla bağlı dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Hər dəfəsində söz veriblər, amma hələ də bu məsələni həll etməyiblər. İstərdik ki, Nazirlər Kabineti və digər müvafiq qurumlar artıq bu məsələni həll etsinlər. Onsuz da balam geri qayıdan, yaram, dərdim sağalan deyil. Heç olmasa, adı, xatirəsi əbədiləşdirilsin, gələcək nəsillər balamı tanısın. Bilsinlər ki, kimlər onların xoş güzəranı uğrunda öz şirin canlarını qurban veriblər. Bu məsələ həll olunarsa, mənə, ailəmizə bir növ mənəvi təsəlli, təskinlik verilmiş olar. Başqa heç nə istəmirəm, istəmirik. Bu məsələni həll edənəcən rahat olmayacağam”.
Qeyd edək ki, Mansur Ağa oğlu Ağayev 1994-cü ilin iyul ayının 29-da Hacıqabul rayonunun Padar kəndində sadə bir ailə dünyaya gəlib. Ailənin beş övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub. Orta məktəbi bitirdikdən bir müddət sonra Qazax rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Azərbaycan Ordusunun Əsgəri kimi xidmət edib. Əsgərliyini bitirdikdən sonra evinə-ailəsinə dönüb, işə girib, mühafizəçi vəzifəsində çalışıb.
2020-ci ilin sentyabrın 21-də isə hərbi səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsi başlayan gündən Şuşa şəhəri düşmən işğalından azad olan günəcən döyüşlərdə iştirak edib. Axırıncı dəfə isə Şuşa şəhəri işğaldan azad olunan gün, noyabrın 8-də ailə üzvləri, anası Mənsurə xanımla danışıb və və cəmi saatlar sonra Şuşa şəhərində qəhrəmancasına şəhidlik məqamına ucalıb. Nəşi bir gün sonra, noyabrın 9-da ata yurdu olan Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb. Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Hazırda Padar kəndində adını daşıyan küçə var. Mənsur həm də subay olub.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız