Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”

saytların hazırlanması

Evə çatdırılma

Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”

Sosial

01 May 2026 10:37 61


 

“Ölkəmizdə idmanın inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Məhz dövlətin diqqət və qayğısı sayəsində bu inkişaf modeli institusional xarakter alıb və bu gün yüksək dayanıqlığı ilə diqqəti cəlb edir.”

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, aprelin 30-da komanda hesabında Avropa çempionu titulunu qazanmış güləş üzrə yığma komandamızın üzvlərini qəbul edən Prezident İlham Əliyev öz çıxışında yalnız əldə edilmiş nəticələrə deyil, bu uğurları təmin edən idarəetmə mexanizmlərinə də xüsusi diqqət ayırdı. “Bu yanaşma göstərir ki, Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır. Dövlət başçısı federasiyanın fəaliyyətinə toxunaraq qeyd etdi ki, bu qurumun rəhbərliyində və məşqçi heyətində vaxtilə böyük uğurlar qazanmış idmançılar təmsil olunur. Bu məqam təsadüfi deyil. Çünki peşəkar idman təcrübəsinə malik şəxslərin idarəetmədə təmsil olunması sahənin daha effektiv inkişafına zəmin yaradır.”

Millət vəkili qeyd edib ki, dövlət başçısının vaxtilə həmin idmançıların yarışlarını izlədiyini və bu gün onların yetirmələrinin uğurlar qazandığını vurğulaması, əslində, davamlılıq prinsipinin bariz nümunəsidir: “Prezident İlham Əliyevin çıxışında nəsillərarası keçid məsələsinə də xüsusi yer verildi. Qeyd olundu ki, nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişməz olaraq qalır. Bu fikir idmanın inkişaf strategiyasının epizodik nailiyyətlər üzərində deyil, gələcək perspektivlərə hesablanmış model üzərində qurulduğunu göstərir. Gənc idmançıların artıq beynəlxalq arenada öz sözünü deməsi seleksiya və hazırlıq sisteminin düzgün istiqamətdə inkişaf etdiyini təsdiqləyir. Bununla yanaşı, bölgələrdə idmanın inkişafı məsələsi də diqqət mərkəzində oldu. Ölkənin müxtəlif regionlarında yaradılmış Olimpiya idman kompleksləri və güləş zalları gələcək uğurların əsasını təşkil edən mühüm amillər kimi qeyd olundu. Bu isə idmanın yalnız paytaxtla məhdudlaşmadığını, ümumrespublika səviyyəsində genişlənən bir hərəkat olduğunu göstərir. Regionlarda istedadların aşkarlanması və onların peşəkar idmana cəlb edilməsi gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına imkan verəcək”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!