Meyvə-tərəvəz mövsümü olmasına baxmayaraq, necə deyərlər, çox şeyə həsrət qalmışıq. Bir çox adamın alçaya, çiyələyə, gilasa baxıb köks ötürməkdən başqa çıxış yolu yoxdur.
Mövzu ilə bağlı “Pişik” ləqəbilə tanınan müğənni Günel Ələkbərova Yenisabah.az-a danışıb. Sənətçi kəndlidən alınan məhsulun Bakıda 5-6 qat baha qiymətə satıldığını bildirib:
“Mən mövsüm meyvələrini ala bilirəm, amma bu o demək deyil ki, hər kəs alıb yeyə bilir, yaxud hər kəsin büdcəsinə uyğundur. Mövsüm meyvələrinin bu qədər baha qiymətə satılması absurddur, onsuz da bu meyvələr qısa müddət ərzində satışa çıxır və tezliklə də bitir. Pepperoni pizza
Burada söhbət kəndlinin əməyinin istismar olunmasından getmir, çünki sahibkarlar onsuz da meyvəni onlardan baha qiymətə almırlar. Kəndlidən topdan alırlar, məsələn alçanı, yaxud gilası kəndlidən 1 manata alıb gətirib Bakıda 4-5 qat baha qiymətə satırlar. İnsaflı davransalar, meyvəni 5-6 qat baha yox, ən azından 2-3 qat baha qiymətə satsalar, daha yaxşı olar. Cəhənnəm, buna da razıyıq, heç olmasa alçanı 1 manata alıb 3 manata satsınlar. Bir az insaflı olsunlar ki, hər kəs alıb meyvəni nübar edə bilsin, çünki azyaşlı uşağı olanlar var, onlar meyvə-tərəvəz satılan yerlərdə, marketlərdə satılan meyvələri görür, istəyirlər. Ən azından göz haqqı deyilən bir şey var, nəzərə alsınlar. Allah bu alverçilərə insaf versin.
Meyvələri əkib-becərənlər meyvənin yeşiyini qəpik-quruşa satırlar. Amma həmin meyvə Bakıya gələndə fantastik qiymətə satılır. Başa düşdük, ərzaq məhsullarında bahalaşma var, amma mövsümi meyvələr yerlidir, ağacda bitir. Bu ki, xaricdən gəlmir. Xaricdən gələn banan 3 manat 50 qəpikdir, yerli gilas 8 manata satılır. Belə şey olmaz, Allah ürəyinizə rəhm salsın!”
Müğənninin sözlərinə görə, bir çox vətəndaş bahalıq ucbatından hələ də meyvələri nübar edə bilməyib və qiymətin ucuzlaşmasını gözləyir:
“Alça, ərik, çiyələk, gilas kimi meyvələr qısa müddət aralığında satılır və bitir, ona görə qiymətləri münasib etmək lazımdır ki, hər kəs alıb yeyə bilsin. Bu qədər də danışırıq, deyirik, tənqid edirik, heç fikir verən də yoxdur.
Deyirlər ki, bir müddət sonra ucuzlaşacaq, dadı gedəndən, meyvə çürüyəndən sonra onun ucuzlaşmağının nə mənası var?! Meyvə günün altında büzüşəndən, dadı itəndən sonra kimin nəyinə lazımdır? Elə bunu vaxtında ucuz etsinlər, hamı da alıb nübar edə bilsin, heç kimin də gözünün haqqı qalmasın. O qədər adam var ki, hələ də alça, çiyələk alıb evinə apara bilməyib. Yazıq kasıblar oturub gözləyirlər ki, bir az da vaxt keçəcək, qiymət düşəcək onlar da o vaxt alıb nübar edəcəklər. Allah sizin insafınızı kəssin! Belə etməklə o meyvəni əkib-becərənlərin də haqqına girirsiniz”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız