“Kimsə yeyib-içib “vorovskoy” mahnıya qulaq asırsa, bu, qəbahət deyil”

saytların hazırlanması

Evə çatdırılma

“Kimsə yeyib-içib “vorovskoy” mahnıya qulaq asırsa, bu, qəbahət deyil”

Sosial

12 İyul 2023 17:38 3372


“İnanmıram ki, hansısa ali məktəb rəhbəri “vorovskoy” bir mahnıya görə işdən azad olunsun. Görünür, bunun daha ciddi səbəbləri var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru Qulu Məhərrəmli deyib. 

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının işdən azad olunması ilə bağlı sosial şəbəkələrdə yazılan fikirlərə münasibət bildirib.  pizza

Xatırladaq ki, bir sıra sosial şəbəkə istifadəçiləri rektorun vəzifəsindən getməsini Novruz bayramı ərəfəsində universitetdə təşkil olunmuş tədbirdə “Zobik Gəncinski” ləqəbli avtoritet Ruslan Rzayeva həsr olunmuş mahnı ilə əlaqələndirib. 

Öz növbəsində, Q.Məmmədli əlavə edib:

“O ki qaldı tələbələrin bu cür bayağı mahnılara qulaq asmağına, bu, ali məktəbin problemi deyil, əksinə, ümumi gəncliyin, geniş aspektdə götürdükdə isə cəmiyyətin problemidir. Biz gənclərdə hansı zövqü formalaşdırırıq? Onların musiqi zövqündə öndə dayanan nədir? Bu gün hərənin fərqli münasibəti var. Tutaq ki, oğru aləmini ifadə edən mahnılara, meyxanalara, xalq mahnılara qulaq asanlar var. Yəni hərənin bir zövqü mövcuddur”. 

Professorun fikrincə, bizim üçün önəmli olan mədəniyyəti, xalqın ruhunu, onun estetik zövqünü özünə ifadə edən mahnıların və musiqi əsərlərinin olmasıdır: 

“Amma indi kimsə yeyib-içib o mahnıya qulaq asırsa, bu, qəbahət deyil. Lakin biz bunu kütləvi zövqün məhsulu kimi təqdim edəndə problem də oradan başlayır. Deməli, burada hansısa nöqtələrdə - gənclərin mütaliəsi, oxusu, dünyagörüşü və qavrayışında yanlışlıqlar var. Əgər bunlar geniş miqyasda yayılırsa, bunun günahını ali məktəbdə axtarmaq düzgün deyil. Burada, ilk növbədə, ailə, tələbəni əhatə edən mühit və geniş mənada həmin o mahnıları təbliğ edənlər məsuliyyət daşıyır”.

Müsahibimiz inanmır ki, müasir gənc bütün günü səhərdən axşamacan o cür bayağı mahnılara qulaq assın:

“Doğrudur, insanlar bu dəqiqə hər şeydən yorulub, könlünü şad edən nələrisə axtarır, yəni kodu orada tapır. Bu da gətirib sadaladığımız faktlara çıxarır. 

Yenə deyirəm, biz bunu əsas musiqi əsəri kimi təqdim edəndə problemlər oradan qaynaqlanır. Biz necə ki Ana dilini, kitab oxumağı təbliğ ediriksə, eləcə də gözəl musiqini təbliğ etməliyik ki, insanlar bilsin ki, yaxşı və pis musiqi hansıdır. Yoxsa siz səhərdən axşama qədər bir adama eyni mahnını öyrətsəniz, onun beynində o mahnı qalacaq”. 

Həmsöhbətimiz onu da vurğulayıb ki, burada televiziyalar və musiqi ictimaiyyəti rol oynayır: 

“Onlar daha aktiv və fəal şəkildə cəmiyyətin musiqi zövqünün formalaşmasına təsir etməlidir. Bütün mexanizm və vasitələrdən istifadə etməlidirlər ki, cəmiyyətin yüksək musiqi zövqü olsun. Belə olmasa, biz ancaq o sferada fırlanacağıq.

Universitetin işi, əlbəttə ki, təhsil verməkdir. İkincisi, bütün universitetlərdə sosial iş istiqaməti var. Hətta bütün universitetlərin bədii özfəaliyyət kollektivi var. Lakin həmin o bədii özfəaliyyət kollektivlərinin heç birində o tip bayağı mahnılar səsləndirilmir, oxunmur və təbliğ olunmur. Bəs yaxşı, tələbə bu mahnıları haradan götürür? Onlar öz mühiti, çevrəsi və məhəlləsindən buna yiyələnir. Eyni zövqdə, eləcə də həmfikirlər birləşəndə onlar əməlli-başlı xor yaradılar”. 

“Mən bu məsələdə ali məktəbləri ciddi şəkildə ittiham etmək istəmirəm. Əlbəttə ki, buna diqqət yetirilməlidir. Məsələn, estetika, kulturologiya və s. dərslər birbaşa zövqü formaladşırmağa xidmət etməli və o cür müəllimlərin üzərinə də böyük iş düşür. Ona qalsa, uşaqların zövqləri orta məktəbdən formalaşır. Bizdə yaxşı uşaq verilişləri haradadır ki, orada sevdiyimiz musiqiləri təbliğ edək? Ona görə də məsələlər hamısı bir-birilə bağlıdır və konkret kimisə ittiham etmək düzgün olmaz”, - o yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!