Kirayə ev krediti də üzümüzə bağlandı – NƏ EDƏK?

saytların hazırlanması

Evə çatdırılma

Kirayə ev krediti də üzümüzə bağlandı – NƏ EDƏK?

Sosial

08 Oktyabr 2026 08:31 210


Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə maraq kəskin artıb. Tələbatın mövcud mənzil fondunu dəfələrlə üstələməsi səbəbindən müraciətlərin qəbulu dayandırılıb.

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, 6 oktyabr 2026-cı ildən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu dayandırılır. Fondun məlumatına görə, son dövrlər bu mexanizmdən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır.

“Yeni Sabah” xəbər verir ki, nəticədə elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı mənzil fondunda seçim üçün mövcud olan, yenilənən kirayə mənzillərin sayını dəfələrlə üstələyir. Dominos pizza

Bu mənzərə Azərbaycanda münasib qiymətə mənzilə olan ehtiyacın nə qədər böyük olduğunu bir daha ortaya qoyur. İnsanların kirayə mənzilə marağının artması, əslində, mənzil probleminin həllində bu mexanizmə ciddi ümid bağlandığını göstərir.

Bəs müraciətlərin dayandırılması çıxış yoludurmu? Mövcud tələbatı qarşılamaq üçün daha çox mənzilin satışa çıxarılması mümkün deyilmi? Proqramın əhatə dairəsini genişləndirməklə həm vətəndaşların mənzil problemini yüngülləşdirmək, həm də bazardakı təzyiqi azaltmaq olarmı?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında müraciətlərin dayandırılmasının problemin həlli olmadığını bildirib. “İnsanların ehtiyacı olmasa, bu qədər müraciət də olmaz. Təbii ki, bu mənzil fondu genişləndirilməlidir. Sadəcə, indi bunun maliyyələşdirilməsi məsələsi həllini tapmalıdır. Azərbaycanda mənzilə ehtiyacı olan insanların, ailələrin sayı həddindən artıq çoxdur”, – deyə iqtisadçı vurğulayıb.

N.Cəfərli hesab edir ki, problemin həlli yalnız Bakı ilə məhdudlaşmamalı, regionlarda da bu tip proqramların əhatəsi genişləndirilməlidir. Onun sözlərinə görə, müraciətlərin böyük hissəsinin Bakı şəhərinə yönəlməsi paytaxtda mənzilə və kirayəyə olan tələbatı daha da artırır.

“Amma daha bir problem ondan ibarətdir ki, müraciətlərin böyük əksəriyyəti Bakı şəhərinədir. Yəni, biz regionlarda da bu tipli proqramların geniş yayılmasına, regionlarda iş yerlərinin artmasına çalışmalıyıq. Bölgələrdə boş sahələr tapmaq daha rahatdır, tikinti də Bakıya nisbətən daha ucuza başa gəlir”, – deyə Natiq Cəfərli qeyd edib.

İqtisadçı hesab edir ki, regionlarda mənzil proqramlarının genişləndirilməsi iqtisadi imkanların artırılması və yeni iş yerlərinin yaradılması ilə paralel aparılmalıdır: “Bu nöqteyi-nəzərdən regionlarda da bu proqramların geniş yayılmasına, regionlarda iş yerlərinin yaranması məsələsi ilə paralel, iqtisadi fürsətlərin yaradılması ilə paralel olaraq bu proqramın reallaşdırılması həm ümumən regionların inkişafına yardımçı olar, həm də Bakı şəhərinin həddən artıq yüklənməsinin qarşısını alan faktora çevrilə bilər”.

Ekspertin yanaşmasına görə, problemin uzunmüddətli həlli müraciətlərin dayandırılmasından deyil, mənzil fondunun genişləndirilməsindən, maliyyələşmə imkanlarının artırılmasından və proqramın regionlara yayılmasından keçir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!