Statistikaya nəzər yetirəndə kişilərdən daha çox qadınların depressiyadan əziyyət çəkdiyi aydın olur. Sual yaranır ki, bəs o zaman kişilər niyə intihar edir?
Psixoloqlar burada önəmli nüansın olduğunu bildirirlər.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Könül Əhmədova qeyd edib ki, kişiləri intihar dərəcəsinə çatdıran ən əsas məqam onların ünsiyyətcil olmamasıdır: pizza sifarişi
“Biz bilirik ki, qadınlar öz dərd-sərlərini ana-bacıları, rəfiqələri ilə bölüşməyi sevirlər. Bu səbəbdən intihar hadisələrinin qarşısı müəyyən qədər alına bilir. Kişilərdə isə vəziyyət bir qədər fərqlidir. Onlar ünsiyyət qura bilmirlər və öz hislərini heç kimlə paylaşmırlar. Nəticədə bu hal onları intihar etməyə sövq edir, panik atak və digər xəstəliklərə məruz qalmalarına gətirib çıxarır. Ümumi araşdırmalar zamanı məlum olub ki, kişilərin tibbi yardım üçün müraciət etməsi qadınlara nisbətən 32 faiz aşağıdır. Bu da onu göstərir ki, kişilərin ətrafdakılardan yardım istəməməsi onları intihara sürükləyən əsas səbəblərdən biridir. "Kişilər ağlaya, öz hislərini ifadə edə bilməzlər" kimi fikirlər əslində onlar üçün faciəvi sonu qaçınılmaz edir. Belə olduğu təqdirdə kişilərdə genetik zəiflik işə düşür və onlar intiharı çıxış yolu olaraq seçirlər”.
Psixoloq Gülnar Orucova isə “Yeni Sabah”a bildirib ki, kişilərin qadınlarlarla müqayisədə daha çox psixoloji dəstəyə ehtiyacı var:
“Hər hansı çıxılmaz durum yarananda kişinin narahatlığı artır, özünə olan inamı azalır və nəticədə gərginlik yaranır. Sonra baxır ki, bu məsələni danışacaq dərd ortağı və ailəsində onu dəstəkləyən yoxdur, psixoloqa da getmir. O, şəxs dərdini heç kəsə izah edə bilmir. O zaman isə kişi çıxış yolunu öz canına qəsd etməkdə görür. Əslində isə bu beynin ani şəkildə verdiyi bir qərardır. Adam oturub dərindən fikirləşsə, bu yolu seçməyəcək. Məlumdur ki, qadınlar daha emosional olur və öz hislərini qışqırıb-ağlayaraq bildirirlər. Lakin kişilər sakit təbiətlidirlər. Elə buna görə də, dünyada infarktan və ürək-damar xəstəliklərindən ən çox əziyyət çəkən məhz kişilərdir. Çünki onlar bütün duyğularını büruzə vermədən yaşayırlar. Məsələn, qadınlar hər hansı çətinliklə qarşılaşanda kimdənsə dəstək almaqdan çəkinmirlər. Kişilər isə bunu öz qüruruna sıxışdırmırlar. Hətta Azərbaycanda belə bir deyim də var ki, kişi psixoloqa getməz. Bu da onu göstərir ki, cəmiyyət kişini çox güclü bir varlıq hesab edir. Lakin belə bir reallıq da mövcuddur ki, dünyada ən çox elə kişilərin psixoloqa ehtiyacı var. Bəlkə də bu yolu sınasalar, dərdlərinə çarə tapa bilərlər. Amma müraciət etmirlər”.
Ekspert bildirib ki, intihar edən şəxslərin maddi cəhətdən də bu yolu seçdikləri əsas gətirilir, ancaq bu o qədər də doğru deyil:
“Bəzən düşünürük ki, maddi cəhətdən pis vəziyyətdə olan şəxslər canına qıyır. Doğrudur, bəzən bu sosial şəraitdən asılı olaraq da baş verir. Ya da imkanlı olan bir şəxsin bir anda müflisləşməsi ona ağır təsir edə bilir. O düşünür ki, belə yaşamağa alışa və pulsuz qala bilməz. Nəticədə çıxış yolunu ölümdə görür. Amma intihar heç də həmişə belə səbəblərdən baş vermir. Kifayət qədər varlı insanlar var ki, onlar da bəzən öz canına qəsd edirlər”.
Aytac Şahin
Telegram kanalımız