“Kişilər qadınları çox boş buraxıblar” – “Azərbaycanda rüşvətxorluğu əsas səbəbkarı qadınlardır” 

saytların hazırlanması

Evə çatdırılma

“Kişilər qadınları çox boş buraxıblar” – “Azərbaycanda rüşvətxorluğu əsas səbəbkarı qadınlardır” 

Sosial

05 Yanvar 2023 13:19 9500


“Burada qadın və kişi arasındakı bərabərlik məsələlərini ayırmaq lazımdır. Biri var qanun, hüquq, bir də var mənəvi normalar. Əgər biz qanunu rəhbər tuturuqsa, qadın və kişi arasında mütləq bərabərlik yoxdur. Yox, əgər mütləq bərabərlik varsa, niyə qadınlar hərbi xidmətə getmirlər? Deməli, tam bərabər deyilik. Bunlar fərqlidirlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Sosial şəbəkə hesabında yazdığı statusa görə tənqid atəşinə tutulan tanınmış hüquqşünas kişilərin ailədəki təşəbbüslərini əldən verməsindən söz açıb. Dominos pizza

Xatırladaq ki, məlum statusda Ə. Həsənov kişiləri cılızlaşmaqda günahlandırıb.

Onun sözlərinə görə, buna baxmayaraq, qadının da, kişinin də mülkiyyət hüququ var:

“Bu, ayrı. Lakin hansısa məsələlər var ki, hətta orada qanunun özündə belə bərabərlik yoxdur. Amma niyəsə qanunvericilikdəki bu fərqlər həmişə qadının xeyrinə olur.

Bizim qanunlarımız deyir ki, uşağa ad qoyanda valideynlərin razılığı olmalıdır. Razılıq yoxdursa, bu məsələyə yerli icra hakimiyyətinin qəyyumluq şöbəsi baxır, o da həll edə bilməsə, iş məhkəməyə qədər gedəcək. İndi mən sual verirəm ki, məhkəmə və qəyyumluq idarəsi bu məsələni necə həll edəcək? Əgər ata da, ana da öz sözündə israrlıdırsa... Mən olum hakim. Mən hansı meyarla bunlardan birinə üstünlük verim? Əslində, bu, mümkün deyil və bu, qanunun problemidir”.

“Bunu necə həll edəcəklər? Püşk atacaqlar? Bu öz həllini tapmayan bir məsələdir. Qanunda boşluq var. Necə ki bəzi məsələlərdə qadına kişiyə nisbətən üstünlüklər verilirsə, mən də deyirəm ki, eynilə bəzi məsələlərdə kişiyə də üstünlük verilsin. Məsələn, şəxsiyyət vəsiqəsində ata adı yazılır. Deməli, bu məsələdə üstünlüyü qanun ataya verib. Ona görə də heç olmasa uşağın adqoyma mərasimində həlledici hüquq bunların birində olmalıdır.

Amma mən bu məsələnin qanuni tərəfinə getmirəm. Mən bu məsələdə, əslində, heç hüquqşünas kimi də danışmıram. Halbuki bu da vacibdir. Bu gün kişi və qadın hüquqlarından danışanların əksəriyyəti boş-boş danışırlar. Lakin burada mütləq bərabərlik yoxdur” – əlavə edib.

Mütəxəssis bəyan edib ki, məsələnin digər tərəfi isə ailə və mənəviyyat məsələsidir:

“Mənim dünənki statusum kişilərə müraciət idi. Orada kişilərə deyirəm ki, siz iqtidarı əldən vermisiniz. Bu gün ətrafımda müşayiət edirəm. Bu gün Azərbaycanda və dünyada belədir ki, kişilərin ailədə sözü qətiyyətli deyil. Onlar qadınları çox boş buraxıblar. Qadın da deyir, onu istəyirəm, bunu istəyirəm, al gətir və s.

Yeri gəlmişkən, Azərbaycanda rüşvətxorluğu əsas səbəbkarı qadınlardır. Çünki onlar kişiləri məcbur edirlər ki, filan şeyi istəyirəm, get, al. Kişilər də məcbur qalıb oğurluq edirlər ki, nədir-nədir öz qadınını təmin etsin. Bu gün istənilən müasir psixoloqlar deyir ki, kişi qadının istədiklərini yerinə yetirirsə, qadın ondan soyuyur. Orta-statistik qadın istəyir ki, yanında bir kişi olsun, ona arxa-dayaq dursun və kişiyə tabe olsun. Biologiya və psixologiya elmi deyir ki, bu, insanlarda da, heyvanlarda da belədir”.

Müsahibimiz iddia edib ki, bunun üçün qadın o kişinin güclü olmasını görməlidir:

“Güclüdürsə, tabe olacaq. Bu gün isə bütün müasir mədəniyyət, filmlər, şou-biznes bir növ bunun əksini təbliğ edirlər ki, kişi qadının nazıyla oynamalıdır və s. Mən demirəm ki, nazıyla oynamamalıdır, amma hər şeyin öz yeri var. Bunun nəticəsi də bərbad olur”.

“Əslində, dünyada kişilərə çox şey lazım deyil. Yeməyi, cinsi əlaqəsi və hər hansı bir məşğuliyyəti olsun, qurtardı. Yəni kişiyə dəbdəbə zad lazım olmur. Amma qadın daim nə isə istəyir və bu, bitmir. Qadının təbiəti belədir. Psixoloqlar və bioloqlar da bunu əsaslandırıblar ki, niyə qadınlar belədir? Çünki tarixən təkamül nöqteyi-nəzərindən qadın hər zaman uşağa baxan olub. Qadın həmişə narahatdır ki, onun uşağı ac və evsiz qalar. Ona görə də daim kişidən qoparmalıdır ki, kişi uşağı böyütsün. Amma kişi də gərək, evində kişi olsun. Yoxsa qadının hər dediyini edəndə ailə institutu dağılır, boşanmalar artır, demoqrafiya zəifləyir. Tarix də göstərir ki, belə cəmiyyətlər tədricən aradan itir. Mənim söyləmək istədiklərim budur”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!