Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib.
Bu haqda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov danışıb. O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu bildirib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan bioloq Vüsalə Rüstəm bildirib ki, hər şeyin başlanğıcı qida tərzindən irəli gəlir: pizza
“Şəkər xəstəliyini yaradan amillər çoxdur, onlardan ən əsası qidalanmaya fikir verməmək, çox yağlı, çox şirin yemək, axşam saatlarında qidalanmaq və stressli həyat tərzidir. Həyat tərzimizin sağlam olmaması şəkər xəstəliyinə tutulmağa səbəb olur. Bu gün ölkəmizdə hər yaşda şəkər xəstələri var. Hətta uşaqlar da bu xəstəliyə tutula bilir.
Qorxu, stress altında uzun müddət qalan insan təbii olaraq qidalanmasına fikir vermir, bu zaman şəkərə tutulma riski çox yüksəkdir. Bunun qarşısını almaq üçün əvvəlcə həyat tərzimizə fikir verməliyik. İnsanlar davamlı olaraq şirin, xəmirli qidalar yeyərsə, onlar risk altındadır. Bizim ölkəmizdə müxtəlif mürəbbələrə üstünlük verilir, yaş irəlilədikcə bu cür şirin qidalardan çəkinmək lazımdır. Yaş 35-40-ı keçdikcə artıq mədəaltı vəzinin öz funksiyasını yerinə yetirməsi yavaşlamağa başlayır. Yaş artdıqca bütün orqanlar yavaşlayır, biz isə orqanları əvvəlki qaydada müxtəlif qidalarla, xəmir xörəkləri ilə hədsiz yükləyirik. Bundan əlavə. Xəstəliklərin yaranmasında əsas səbəblərdən biri də hərəkətsizlikdir. İnsanlar günboyu hərəkət etməli, yediklərinə fikir verməlidir, stressdən və onu əsəbiləşdirəcək vəziyyətlərdən uzaq durmalıdır”.
Onun sözlərinə görə, bu xəstəliyə tutulan insanlar həyat tərzlərinə və qidalanmalarına ikiqat artıq diqqət yetirməlidir:
“İnsan artıq şəkər xəstəliyinə tutulubsa, burada qorxulu bir şey yoxdur. Bunu şəxs artıq həyat tərzinə çevirməli, qida tərzinə hökmən fikir verməlidir. Belə şəxslər endokrinoloqla müntəzəm şəkildə əlaqədə olmalıdır və gün ərzində azı 8-10 min addım atmalıdır ki. şəkəri tənzimlənsin.
Şəkər xəstəliyi dövrümüzün ən qorxulu xəstəliklərindən biri hesab olunsa da, bunu qəbul edib sağlam həyat tərzi keçirmək lazımdır. Bu xəstəliklə bir ömür boyu yaşayan, şəkər xəstəliyi ilə doğulan insanlar var, onlar özünə yaxşı baxsa, 65 hətta daha çox yaşaya bilər. onlar evlənə bilir, övlad sahibi ola bilirlər. Hər şey insanın özünə baxmasından asılıdır. Xəstəliyə tutulduqdan sonra özünə baxmasan. Onun fəsadları get-gedə böyüməyə başlayır. Şəkər xəstəliyinin fəsadları isə daha ağırdır: Kor olma, böyrəklərin itirilməsi, ürək damarlarının tutulması, ətrafların itirilməsi, əl, ayaq barmaqlarında qaralmalar, yaraların sağalmaması. Buna görə əgər şəkərsənsə, mütləq həyat tərzinə ciddi fikir verməlisən”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız