Koronavirusla mübarizədə iştirak edən 3124 tibb işçisinə üçqat maaş ödənilib
01 İyn 2020 10:59
153

Koronavirusla mübarizədə iştirak edən 3124 tibb işçisinə üçqat maaş ödənilib

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

İTS-dən Yenisabah.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib. Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib: 1.Tibbi profilaktik tədbirləri həyata keçirən 3124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.9 milyon manat ödənilib. 2.Təcili tibbi yardım xidməti göstərən 3837 tibb işçisinə və həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.3 milyon manat ödənilib. 3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.6 milyon manat ödənilib. Onu da qeyd edək ki, 2692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir. Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir. Xatırladaq ki, mart ayı üzrə Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21634 tibb işçisinə, 2386 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

Oxşar xəbərlər