Fransada keçiriləcək prezident seçkilərində namizəd, sağçı siyasətçi Marin Le Pen ölkədə miqrasiya siyasətinin kəskin şəkildə sərtləşdirilməsi və radikal ideologiyalarla mübarizəyə dair sərt bəyanatlarla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, Marin Le Pen çıxışında ölkədə "Fransada Milli Üstünlük" prinsipinin mütləq tətbiq olunacağını bildirib. Siyasətçinin sözlərinə görə, fransız vətəndaşları hər sahədə və sosial yardımların paylanmasında miqrantlardan üstün tutulacaqlar.
Bununla yanaşı, miqrasiya axınının qarşısını almaq üçün iqtisadi və sosial məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Xarici işçi çalışdıran şirkətlərə əlavə 10 faizlik xüsusi verginin tətbiq ediləcəyi, qanunsuz miqrantlara göstərilən pulsuz tibbi yardımın və sosial ödənişlərin ləğv olunacağı diqqətə çatdırılıb. pizza hut
Sığınacaq almaq istəyənlər üçün də yeni mexanizm müəyyənləşdirilir. Belə ki, qanunsuzluqların qarşısını almaq məqsədilə sığınacaq istəyən şəxslər ilk növbədə Fransanın ölkə xaricindəki konsulluqlarına müraciət etməli, yalnız müraciətləri müsbət cavablandırıldığı təqdirdə ölkəyə gəlməlidirlər.
Marin Le Pen, həmçinin küçələr, ictimai nəqliyyat və parklar da daxil olmaqla bütün ictimai yerlərdə hicab taxılmasının tamamilə qadağan olunacağını bəyan edib. O, hicabı sadəcə dini geyim deyil, Fransa torpaqlarında radikal ideologiyanın bayrağı kimi qiymətləndirib.
Çıxışın sonunda radikal meylli bütün məscid və icmaların dərhal bağlanacağı, Fransa məscidlərinə xaricdən gələn maliyyə axınlarının və xarici din xadimlərinin fəaliyyətinin tamamilə qadağan ediləcəyi bildirilib.
Nazim Hacıyev
Telegram kanalımız