YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslərə hökm oxundu

“Location” klubundakı partlayışda təqsirləndirilən şəxslərə hökm oxundu

Hadisə

06 Oktyabr 2022 17:51 615


Bakıda “Location” gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədova hökm oxunub. 

“Yeni Sabah” xəbər verir ki, hökmə əsasən, ittiham üzrə verilmiş maddələrlə təqsirli bilinərək Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il azadlıqdan məhrum edilib.

Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ruslan Məmmədova isə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Hakim Faiq Qəniyev bildirib ki, Orxan Səfərli tərəfindən zərərçəkmiş şəxslərə dəyən ziyanın ödənilməsi təmin olunub və bu barədə ərizələr məhkəməyə təqdim olunub. Şikayətçilər məhkəməyə ərizələr təqdim edərək təqsirləndirilən şəxslərə qarşı iddia və şikayətlərinin olmadıqlarını bildiriblər. 

Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.

Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.

İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!