Çox hallarda ərzaq məhsullarının, xüsusilə də şirniyyat markalarının plagiat nüsxələrinin satışda yer aldığı iddia olunur. Hətta ərzaq məhsullarının qablarının da saxta olduğu bildirilir. Bunu da məhsulun hansısa təsadüfi yerlərdə istehsal olunması, üz qabığı kimi məşhur markaların etiketlərinin yapışdırıldığı deyilir.
Saxta və orijinal məhsullar necə seçilməlidir? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yenisabah.az-ın bununla bağlı sorğusuna cavabında bildirib ki, alıcılar qida məhsulları alarkən bu aşağıdakı nüanslara diqqət yetirməlidir:
“Marketlərdə, bazarlarda qida məhsulları alarkən öncə, məhsulun üzərindəki məlumatlara, qablaşdırmaya və saxlanma şəraitinə diqqət olunmalıdır. Qablaşdırma tam şəkildə olmalı, üzərində deşik, kəsik olmamalıdır. pizza hut
Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırma alıcıları çaşdırmamalıdır. Məhsulun üstündə onun tərkibi haqqında informasiya verən mətnə diqqət etmək lazımdır. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. kimi vacib məlumatlar öz əksini tapır.
Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində də olması vacibdir. Qida məhsulunun istifadə tarixi onun uyğun şəraitdə saxlanacağı nəzərə alınaraq təyin edilir. Vaxtı bitmiş, saxlanması müvafiq texniki şərtlərə cavab verməyən məhsulları almaq olmaz.
Məhsul alarkən onun saxlanıldığı soyuducunun temperatur göstəricilərinə fikir verilməlidir. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. Piştaxtaların ön cərgəsində yerləşən, endirimdə olan qida məhsullarının yoxlanılması istehlakçının nəzər yetirməli olduğu vacib amillərdəndir.
Qida etiketi qida məhsulunun “şəxsiyyət vəsiqəsi” kimidir. Etiketləmə haqqında bütün istehsalçıların əməl etməli olduğu və bütün istehlakçıların isə mütləq şəkildə bilməli olduğu zəruri hesab edilən elementlər var. İstənilən qida məhsulunun etiketində adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlama şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əks olunmalıdır. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Qida Təhlükəsizliyi Agentliyi risk əsaslı nəzarət tədbirləri həyata keçirir. Bütün qida məhsulları risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda məhsullar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir.
Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında monitorinqlər həyata keçirir. Əgər vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı hər hansı şübhə olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür”.
İmamət İSMAYILOVA
Telegram kanalımız