Marketlərin qiymət oyunları: Pərdəarxasında nə var?

saytların hazırlanması

Evə çatdırılma

Marketlərin qiymət oyunları: Pərdəarxasında nə var?

Sosial

11 Oktyabr 2026 12:56 72


Yerli istehsalın artması idxaldan asılılığı azalda bilər, lakin bu, qiymətlərin avtomatik enməsi demək deyil.

Bəs Azərbaycanda kənd təsərrüfatı istehsalının artırılması hansı məhsulların qiymətinə daha çox təsir göstərə bilər? İstehsalçı ilə istehlakçı arasındakı qiymət fərqi necə azaldıla bilər?

Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, malların və məhsulların qiymətinin artmasında qida zəncirinin mühüm həlqələrindən biri olan market şəbəkələrinin böyük rolu var. pizza

Onun sözlərinə görə, market şəbəkələri istehsalçılara və təchizatçılara öz şərtlərini diktə edirlər:

"Hər hansı market şəbəkəsinə daxil olmaq və orada məhsul yerləşdirmək üçün əvvəlcədən külli miqdarda nağd pul tələb olunur. Bu məbləğ məhsulun rəfdə yerləşdirilməsi üçün ödənilir. Bundan sonra market şəbəkələri təchizatçılarla istədikləri kimi davranırlar. Təchizatçılar pullarını geri almaq məsələsində market şəbəkələrindən asılı vəziyyətə düşürlər. Marketlər isə onları istənilən vaxt şəbəkədən çıxara bilərlər.

Buna görə də marketlər özlərinə sərf edən qiymətləri müəyyənləşdirirlər. Üstəlik, təchizatçılarla istehlakçıların bilmədiyi müxtəlif problemlər də yaranır. Məsələn, marketlər ödənişləri gecikdirirlər. Təchizatçı pulunu vaxtında ala bilmədiyinə görə yeni investisiya edə, işçilərinə maaş verə bilmir.

Bəzən marketlər endirim kampaniyası keçirmək istədiklərini bildirərək təchizatçılardan məhsulları endirimlə təqdim etməyi tələb edirlər. Beləliklə, market şəbəkələri öz biznes maraqlarını düşünür, təchizatçıların vəziyyətini isə nəzərə almırlar.

Digər bir məsələ təchizatçıların öz satıcılarını marketlərdə yerləşdirməsi və onların maaşını ödəməsi tələbi ilə bağlıdır.

Çörək istehsalçıları da mənə bu barədə danışıblar. Onların sözlərinə görə, market şəbəkələri çörəyin rəflərdə daim olmasını tələb edir. Eyni zamanda, icarəyə verilən rəflərin dolu saxlanılmasını istəyirlər. Halbuki günün sonunda həmin çörəklərin bir hissəsinin satılmayaraq geri qaytarılacağı əvvəlcədən məlum olur.

Buna baxmayaraq, istehsalçılar marketlərə tələb olunandan daha çox çörək gətirməyə məcbur qalırlar. Nəticədə satılmayan çörəklər geri qaytarılır və böyük həcmdə məhsul toplanır. Həmin çörəkləri atmaq əvəzinə heyvan yemi kimi istifadə etmək istəyən şəxslər tapılmalıdır. İstehsalçılar bəzən bu məhsulları çox ucuz qiymətə, hətta ödənişsiz verməyə məcbur olurlar. Bəzi hallarda çatdırılma xərclərini də özləri ödəyirlər".

Eyyub Hüseynov əlavə edib ki, təchizatçılar market şəbəkələrindən asılı olduqları üçün bu problemləri açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Çünki bazara daxil olmaq üçün böyük məbləğ ödəyirlər və şəbəkədən çıxarıldıqları halda məhsullarını satmaqda çətinlik çəkə bilərlər.

"Çörək təchizatçılarının mənə danışdığı başqa bir məsələ də var. Çörək gecə saatlarında bişirilir və səhər saat 4-dən etibarən marketlərə paylanmağa başlanılır. Çörək daşıyan avtomobillər marketlərin qarşısında dayananda məhsulların boşaldılması üçün müəyyən vaxt tələb olunur. Lakin sürücülərin avtomobilləri harada saxlaması ilə bağlı da problemlər yaranır.

Təəssüf ki, müvafiq dövlət qurumları təchizatçıların bu problemlərinin həlli istiqamətində lazımi addımları atmırlar. Çörək istehsalçılarının sözlərinə görə, onlar ayda 3-4 min manat yol polisi tərəfindən tətbiq olunan cərimələr ödəyirlər. Bəzi hallarda sürücülər işdən kənarlaşdırılır, onların sürücülük hüquqları məhdudlaşdırılır. Nəticədə sürücü tapmaq çətinləşir və əməkhaqqı xərcləri artır. Halbuki sürücülər məhsulları boşaltmaq üçün avtomobili müəyyən yerdə saxlamağa məcburdurlar.

Digər mühüm problem təchizatçıların pullarını vaxtında ala bilməməsidir. Təchizatçıların mənə verdiyi məlumata görə, bəzi market şəbəkələrinin onlara milyonlarla manat borcu var. Lakin təchizatçılar qorxularından nə məhkəməyə müraciət edə, nə də başqa qurumlara şikayət edə bilirlər. Çünki şəbəkədən çıxarılmaq təhlükəsi ilə üzləşirlər.

Hesab edirəm ki, Rusiyada və Türkiyədə olduğu kimi, market şəbəkələrinin təchizatçılara ödənişləri vaxtında etməsini təmin edən hüquqi sənəd hazırlanmalıdır. Həmin sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənməli və hüquqi qüvvəyə malik olmalıdır. Ödənişləri gecikdirən market şəbəkələrinə qarşı müvafiq tədbirlər görülməlidir. Təəssüf ki, hazırda belə bir sənəd yoxdur.

Bütün bu görünməyən amillər məhsulların qiymətinin artmasına səbəb olur. Market şəbəkələri təchizatçılar üzərindəki təsirlərini getdikcə daha da gücləndirirlər. Bazara yeni daxil olan şirkətlər marketlərdə məhsullarını yerləşdirmək üçün əvvəlcədən böyük məbləğlər ödəyirlər. Bəziləri isə məhsullarını sata bilmədikləri üçün çətin vəziyyətdə qalırlar.

Beləliklə, qida təchizatı zəncirində qiymət artımının əsas mərhələlərindən biri market şəbəkələri ilə bağlıdır. İstehlakçılar isə son məhsulu məhz bu şəbəkələrdən alırlar.

Əlbəttə, yerli istehsal güclənərsə, bu, qiymətlərə təsir göstərə və Azərbaycanın xarici bazarlardan asılılığını müəyyən qədər azalda bilər. Lakin bu asılılıq tamamilə aradan qalxmayacaq, çünki bazar qlobal xarakter daşıyır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana məhsullar gətirilir, ölkəmizdən də xarici bazarlara məhsullar ixrac olunur.

Bununla belə, xüsusilə ət, toyuq və süd məhsullarının istehsalına diqqət artırılmalıdır. Çünki bu məhsullar üzrə çatışmazlıq ildən-ilə artır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə də iri istehsal müəssisələri yaradılmalı, səmərəli və rasional tədbirlər görülməlidir ki, mövcud vəziyyət yaxşılaşsın".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!