Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı daimidir.
Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Pepperoni pizza
Buna baxmayaraq, bəzi ailələrin diqqətdən yayınması kimi hallarla da rastlaşırıq.
Mövzu ilə bağlı danışan hərbi ekspert, ehtiyyatda olan polkovnik-leytnant Üzeyir Cəfərov bildirib ki, bu problemlər kökündən və birdəfəlik həll edilməlidir:
“Şəhid və qazi ailələrinə diqqət, qayğı məsələsi elə bir mövzudur ki, onun haqda saatlarla, günlərlə danışmaq olar. Ümumiyyətlə, mənim ən böyük arzularımdan biri odur ki, bu məsələ birdəfəlik həllini tapsın, buna hər hansı bir təşkilat xeyriyyəçilik məsələsi kimi yanaşmasın, bu mövzular gündəmdə olmasın. Baxın, qayğı, diqqət hamımızın borcudur, deyirik ki, onlar başımızın tacıdır, onlara borcluyuq, onlar əllərindən nə gəlibsə, ediblər, bundan sonra da əlimizdən nə gəlirsə, onların ailələri üçün etməliyik, amma bəzən xoşagəlməz hallarla da rastlaşırıq. Bəzən eşidirik ki, kimlərsə şəhid ailəsini ağladır, müharibə veteranlarına qarşı sui-istifadələr edilir. Bu məsələləri həll etmək lazımdır”.
Ekspert qeyd edib ki, bəzən müəyyən idarələr şəhid ailələrinə biganə yanaşır, onların problemlərini dinləmir:
“Şəhid və qazi ailələrinə dövlət tərəfindən diqqət, qayğı var, amma bəzən bəzi idarələrdə onlara qarşı biganəlik olduğunu eşidirik, həmin şəxslərə diqqətsiz yanaşıldığını görürük. Desəm ki, bu hər zaman, hər yerdə belədir, haqsızlıq etmiş olaram. Sadəcə, xırda məsələləri birdəfəlik həll etmək lazımdır. Hamı bilməlidir ki, rayonunda, şəhərində nə qədər şəhid və qazi ailəsi var, bu siyahı məmurlarlın əlinin altındadır. Onlar dövlət büdcəsi ilə, yaxud yerli gəlirlər hesabına şəhid ailələrinə müəyyən yardımlar etməlidirlər”.
Ü.Cəfərovun sözlərinə görə şəhid və qazı ailələrinə edilən yardımlar reklam xarakterli olmamalıdır:
“Edilən yardımlar reklamsız olmalıdır. Hər yardımda bir operator, iki jurnalist çağırmağa gərək yoxdur. 1 kiloqram qənd, bir qutu peçenye gətirirlər, 45 nəfər də orada iştirak edib işıqlandırır. Buna ehtiyac yoxdur. Şəhid ailələri birdəfəlik dövlətin diqqətini və qayğısını hiss etməlidirlər. İndiyə qədər digər ölkələrin telekanallarına da baxmışıq, hardasa görmüsünüzmü məmur şəhid ailəsinə un alıb aparıb və bunu ictimailəşdirib? Bu reklam üçün olmamalıdır, o insanlar həyatlarını reklam üçün qurban verməyiblər. Ona görə də hesab edirəm ki, o insanlar ilin 365 günü diqqətdə olmalı, qayğı ilə əhatələnməlidirlər. Onlar hiss etməlidirlər ki, dövlət hər zaman onların yanındadır. İnsanlar maksimum çalışmalıdır ki, ayda bir dəfə şəhid ailələrinə baş çəksinlər, nə kimi köməyə ehtiyacları var öyrənsinlər. Kimsə ailə başçısını itiribsə, evdə hər hansı kişinin görə biləcəyi bir iş varsa, o işin görülməsini təşkil etmək lazımdır. Onlarla mütləq maraqlanmaq lazımdır. Xeyli işlər görülməlidir, görülməlidir ki, həmin ailələr özlərini təhna hiss etməsin”.
Onun fikrincə, ucqar kəndlərdəki şəhid ailələri bəzən diqqətdən kənarda qalır və insanlar bu mövzuya həssas yanaşmalıdır:
“Rayonlardakı, ucqar kəndlərimizdəki şəhid ailələrinə Bakıdakılar qədər diqqət göstərilmir fikirlərini mən də bölüşürəm, bununla razıyam. Mərkəzdə ailələrə daha çox yardımlar edilir, bir kanalı dəvət edib bunu çəkib işıqlandırırlar. Amma ucqüar kəndlər üçün eyni şey keçərli deyil, Gədəbəyin, Lerikin dağ kəndində bu imkanlar yoxdur. Ona görə bəzən baxırsan ki, onlar diqqətdən kənar qalırlar. Nəzərə almaq lazımdır ki, ən ucqar kəndlərimizdən də oğullarımız çıxıb, onlar da döyüşüb vətən uğrunda canlarını fəda ediblər. Onlar diqqətdən kənar qalıblar. Məmur istəmir ki, 1000 manatlıq kostyumunu palçığa batırıb hansısa ucqar kənddə şəhid ailəsinə baş çəksin. Bu kimi hallar olmasa daha yaxşı olardı, amma təəssüflər olsun ki, bu gün belə mənzərə ilə qarşılaşırıq”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız