“Mən artıq koronavirusa yoluxub və sağalmışam” – Ləman Ələşrəfqızı
04 Apr 2020 21:56
12169

“Mən artıq koronavirusa yoluxub və sağalmışam” – Ləman Ələşrəfqızı

Əməkdar jurnalist Ləman Ələşrəfqızı Yenisabah.az saytına müsahibəsində parlament seçkilərindən sonra ölkədə yaranmış vəziyyətdən, pandemiyanın fəsadlarından və cəmiyyətin qarşısında dayanan vəzifələrdən danışıb.

Müsahibəni təqdim edirik:

- Ləman xanım, parlament seçkiləri arxada qaldı, irəlidə nə görünür?

- Bəli, təəssüf ki, parlament seçkilərindən istədiyimiz nəticəni ala bilmədik. Baxmayaraq ki, özümüzü qələbəyə kökləyib getmişdik, insanlarımızı da qələbəyə hazırlamışdıq və sayəmizdə maraqlı bir seçki yarışması baş tutdu. Oğuz seçicisi uzun illərdir seçki adına evdən çıxmamışdı, fevralın 9-da dizdən yağan qara baxmayaraq insanlar seçkiyə gəldi. Təəssüf ki, nəticələrimiz saxtalaşdırıldı və Oğuzu iki beşillikdə layiqli təmsil etməyən biri bu dəfə də haqqımıza girdi. Əlbəttə bu seçkilər məni çox məyus etdi, çox. Şəxsən mən Prezident İlham Əliyevin İslahatlar çağırışına inanıb seçkiyə getmişdim. Yəqin ki, mənim kimi yüzlərlə, minlərlə vətəndaş da həmçinin. Amma bu olmadı. Seçicilərin inamı növbəti dəfə sarsıldı. Ona görə "irəlidə nə görünür?"- sualına hazır bir cavabım yoxdur. Mən irəlidə hələ ki, koronavirusun cənginə aldığı dünyanı və dünyanın tərkib hissəsi olan Azərbaycanı görürəm. Allah bizi koronavirusdan da, hər cür virusdan da hifz eləsin.

- Bəli, pandemiya Azərbaycanın da gündəmini tamamilə dəyişib. Bu qlobal bəla siyasi və başqa məsələləri arxa plana keçirib. Amma bu müvəqqəti xarakter daşıyır, həyat davam edir. Ləman Ələşrəfqızı qaldığı yerdən davam edəcək, yoxsa...?

-Bunu zaman göstərəcək. Hələ ki, hamılıqla özümüzü koronavirusla mübarizəyə kökləmişik. Belə bir vaxtda hər bir insanı bir məsələ maraqlandırır: necə edək ki, bu virusa bulaşmayaq? ! Necə edək ki, tək özümüz, ailəmiz deyil, millət olaraq bu sınaqdan üzüağ çıxmağı bacaraq. İnşallah, bunu bacarsaq gerisi asandır.

- Yeri gəlmişkən, əhalinin bir hissəsinin karantin rejimi qaydalarına riayət etməməsi birmənalı qarşılanmır. Siz bu barədə nə düşünürsünüz?

- Bu xüsusilə pandemiyanın ilk günlərində müşahidə olunurdu mən bilən. İndi insanlarımız dünyada baş verənləri görür, qiymətləndirir, nəticə çıxarır. İndi küçədə ağzına maska taxan, əlcək geyinənlərin sayı ilk günlərdəkinə nisbətən daha çoxdur. Əlbəttə, dövlətin atdığı addımlar yüksək qiymətləndirilməlidir. Ortada necə deyərlər, "gözü çıxmış qardaşın" təcrübəsi var, Avropa ölkələri, ABŞ, qardaş Türkiyə, İranda pandemiya qurbanlarının sayı günü-gündən artır. Hər bir insan tək özünü yox, eyni zamanda yoluxdura biləcəyi onlarla, yüzlərlə insanı düşünüb evində oturmalıdır. Başa düşürəm, insanlar var ki, arxasında beş manat artıq pulu yoxdur. O bir gün işləməsə ailəsi acından ölər. Düşünürəm ki, dövlət belə ailələri müəyyənləşdirib onların karantin günlərində ehtiyaclarını ödəməlidir ki, insanların küçəyə çıxmasının qarşısını ala bilsin.

- İndiki ağır şəraitdə əksər media orqanları distant fəaliyyət rejiminə keçib. Bu amil medianın ümumi fəaliyyətində özünü necə göstərir?

- Açığı koronavirus pandemiyası ortaya bir çox maraqlı məqamlar çıxartdı ki, onlardan biri də media ilə bağlıdır. Məlum oldu ki, sən demə işə getmədən də bir media quruluşunu evdən idarə edə bilərsən. Əlbəttə, bu televiziya sahəsinə aid deyil. Televiziya elə bir sahədir ki, evdə oturmaqla işi aşırmaq olmaz. Amma mən bir xarici televiziya aparıcısının evdən hətta pijamada belə xəbərlərin studiyasına çıxdığını gördüm. Yəni, istəsək, onu da etmək olar. İndiki məqamda televiziyalara sadəcə bir irad bildirmək olar. Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri demək olar ki, qaydaları pozurlar. Əksəriyyəti maskasızdırlar, əlcəksizdirlər, müsahibləri də onların özləri kimi. Studiyalarda tok-şoular təşkil edirlər, aralarındakı məsafə qaydalarda göstərildiyi kimi bir metr, və ya metr yarım deyil, ağzı-ağıza danışırlar. Axı missiyamız həm də maarifləndirməkdir, axı biz həm də örnək göstəririk. Belə olmur axı. Burdan təbliğat aparırıq, özümüz də qaydaları pozuruq. Ümumilikdə isə həmkarlarıma təşəkkür edirəm ki, belə çətin günlərdə dayanmırlar, eynən həkimlər, polis əməkdaşları kimi jurnalistlər də iş başındadır.

- Belə günlərdə bir peşəkar jurnalist kimi bəs evdə darıxmırsız? İstərdinizmi siz də əlinizdə mikrafon iş başında olasınız?

- Açığı seçkinin yorğunluğu hələ canımdan çıxmayıb. Sizə zarafat gəlməsin, cəmi üç həftə ərzində 61 məntəqə gəzmək, camaatla görüşmək, onların suallarını cavablandırmaq. Bu hardasa 50-dən artıq kənd deməkdir. Üstəgəl seçkinin bizə yaşatdığı mənəvi düşgünlük fiziki yorğunluğu daha da üstələdi. Və ən əsası mən bu seçkiyə ağır xəstəlikdən qalxlb getmişdim. Facebook dostlarım bilər, hətta bir çağırış etmişdim ki, ay Səhiyyə Nazirlliyi, ölkədə ağır virus var, biz ailə olaraq bir günün içində buna yoluxduq. Əvvəlcə qızım, ardınca mən, həyat yoldaşım, bizə baş çəkməyə gələn bacım, sonra anam. Dekabrın 31-də, yeni il axşamı bizim evin işıqları ancaq evə təcili yardım maşını gələndə yandı. Təəssüf ki, o vaxt sosial şəbəkədə yazdığım bu statusa ancaq sadə vətəndaşlar münasibət bildirdilər. Hərdən mənə elə gəlir ki, mən artıq koronavirusa yoluxub və sağalmışam. Allah millətimizin yanında olsun.

Seymur Verdizadə

Oxşar xəbərlər