Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti "Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik" sənədini təsdiqləyib.
“Yeni Sabah” AMB-yə istinadən xəbər verir ki, yeni metodoloji rəhbərlik maliyyə institutlarında bazar davranışı prinsiplərinin tətbiqini təşviq etməyə, maliyyə xidmətlərindən istifadə edən şəxslərin hüquq və qanuni maraqlarının daha etibarlı qorunmasına, eyni zamanda idarəetmə, daxili nəzarət və risklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verməyi hədəfləyir.
Sənəd banklar, xarici bankların Azərbaycandakı filialları, bank olmayan kredit təşkilatları, kredit ittifaqları, sığorta və təkrarsığorta şirkətləri, sığorta vasitəçiləri, investisiya şirkətləri və fondları, onların idarəçiləri, eləcə də ödəniş və elektron pul təşkilatlarına şamil edilir. pizza mizza
Rəhbərlikdə maliyyə məhsullarının hazırlanması, müştərilərə təqdim olunması, satışdan sonrakı xidmət, müştəri ilə kommunikasiya, biznes prosesləri və korporativ idarəetmə ilə bağlı əsas metodoloji yanaşmalar öz əksini tapıb.
Bundan əlavə, sənəddə bazar davranışı standartları, istehlakçı yönümlü korporativ mədəniyyətin formalaşdırılması, maraqlar toqquşmasının idarə edilməsi, müqavilədən əvvəl məlumatlandırma, məhsulların hədəf auditoriyasına uyğunluğu, xidmətlərin keyfiyyəti və əlçatanlığı kimi məsələlərə dair tövsiyələr yer alır.
Mərkəzi Bank hesab edir ki, metodoloji rəhbərliyin tətbiqi maliyyə institutlarında istehlakçılarla münasibətlərdə şəffaflığın və məsuliyyətli yanaşmanın güclənməsinə, xidmət keyfiyyətinin yüksəlməsinə, maliyyə bazarına inamın artmasına və sektorun davamlı inkişafına müsbət təsir göstərəcək.
Cəlalə
Telegram kanalımız