30 Sentyabr - 01:45
Mesaj konkretdir: “Ermənistan 20 min kv.km ərazinin hesabatını verməlidir”

Mesaj konkretdir: “Ermənistan 20 min kv.km ərazinin hesabatını verməlidir”

Siyasət

15 Avqust 2022 15:26 2322


“Dövlət başçısı bundan əvvəl də 44 günlük müharibədən sonra Zəngəzur və Göyçəylə bağlı işarələr vermiş, bəyanatlar səsləndirmişdir. Onun ən son Zəngəzurla bağlı bəyanatları, oradakı arzuları ilə bağlı dedikləri hamımıza bəllidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov deyib.

Politoloq ölkə başçısının İsmayıllı səfəri çərçivəsində əlində tutduğu Azərbaycan xəritəsi olan suvenerdə Qərbi Zəngəzurun Azərbaycan ərazisi kimi göstərilməsi faktına toxunub.

Xatırladaq ki, məlum foto sosial şəbəkələrin Azərbaycan seqmentində böyük maraqla qarşılanıb.

Z. Məmmədov isə deyib ki, ən son dövlət başçısının əlində tutduğu suvenerdə Qərbi Zəngəzurun olması, əlbəttə ki, maraqlıdır:

“Eyni zamanda biz qeyd etməliyik ki, bu, ilk belə xəritə deyil. Hələ Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışında biz bu xəritəyə oxşar bir şəkli görmüşük.

Məlumdur ki, 1920-ci ilin avqust-noyabr aylarında bolşevik rəhbərliyi tərəfindən Ermənistanda sovet rejiminin qurulması daxilində onlara torpaq verilməsi ilə bağlı məsələ qaldırılmışdı. Beləliklə də, 1920-ci ilin 30 noyabr aktına görə, Zəngəzur torpağı iki hissəyə parçalanmış və Qərbi Zəngəzur – indiki Mehri, Gorus, Qarakilsə və digər bölgələr Ermənistan SSR-iyə verilmişdir. 

Bu günlərdə müxtəlif ölkələr 1922-ci ildə SSRİ-yə daxil olarkən və 1991-ci ildə SSRİ-ni tərk edərkən hansı ərazilərə malik olmuşlar kimi iddialar qaldırmalıdır. Yadda saxlamalıyıq ki, Ararat Respublikası (Ermənistan Demokratik Respublikası – red.) 1922-ci ildə SSRİ-yə daxil olarkən onun cəmi 9 min kv.km ərazisi var idi. 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyə çıxandan sonra onun 29.743 kv.km. ərazisi olub. Deməli, ən azı 20 min kv.km.-dən çox ərazinin hesabatı verilməlidir. 

Digər tərəfdən, bolşevik rəhbərliyi tərəfindən bizim razılığımız olmadan birtərəfli şəkildə torpaqlarımızın əsassız şəkildə Ermənistan SSRİ-yə verilməsi, əlbəttə ki, qəbuledilməzdir. Bu, kommunistlərin və SSRİ rəhbərliyinin cinayətidir ki, onlar ətraf ölkələrin torpaqlarını bölərək bunu alqı-satqı obyektinə çevirib”.

Politoloq əlavə edib ki, bu gün Azərbaycan tarixçiləri, beynəlxalq hüquqşünaslar və diplomatlar bu istiqamətdə ciddi şəkildə işləməlidirlər, sənədlər qaldırılmalıdır:

“Prezidentin işarələri və bəyanatları da hər bir kəs üçün yol xəritəsi olmalıdır və bu istiqamətdə dayanmadan çalışmalıyıq. İnformasiya müharibəsi çərçivəsində Zəngəzurun qədim Azərbaycan torpağı olmasını beynəlxalq aləmdə car çəkməliyik. İlk əvvəl bununla bağlı informasiya boşluğunu dolduraraq özümüz üçün lehimizə olan informasiya mühiti yaratmalıyıq ki, Zəngəzur və Göyçə əraziləri necə oldu ki, Ermənistan SSRİ-yə verildi və bu, niyə qanunsuzdur?”.

“İndi Ermənistanın Azərbaycana ərazi iddiaları qaldırdığı bir dövrdə erməni tərəfi bilməlidir ki, onların hər zaman əsaslandırmaq istədiyi faktlara qarşı olaraq biz onu əminliklə deyə bilərik ki, Azərbaycan və Ermənistan SSRİ-yə daxil olarkən Qarabağ torpaqlarının Azərbaycanın tərkibində saxlanılması ilə bağlı Sovet rəhbərliyi tərəfindən fərman verilib. Lakin Zəngəzur torpaqları isə Ermənistanın tərkibinə daxil edilmişdi. Yəni bu ifadələr – “saxlamaq” və “vermək” tamamilə ayrı-ayrı ifadələrdir. Ona görə də, bu məsələlər çox ciddi şəkildə qabardırmalıdır” – müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!