Qəbiristanlıqdan tapılan uşaqla bağlı   YENİ DETALLAR AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıqdan tapılan uşaqla bağlı YENİ DETALLAR AÇIQLANDI

Sosial

06 May 2026 11:54 312


Abşeron rayonu ərazisində qəbiristanlığın yaxınlığından tapılan azyaşlı dövlət himayəsinə götürülüb, hazırda tibbi və psixoloji dəstək alır.

Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, ana rəsmi qaydada uşağından imtina edib və bundan sonrakı mərhələdə işlər qanunvericiliyə uyğun şəkildə davam etdiriləcək:  Dördpendirli pizza

“Azyaşlı uşaq dövlət nəzarəti altındadır və hazırda müvafiq ixtisaslaşmış tibb müəssisəsində hərtərəfli tibbi müayinələrdən keçirilir.

Uşağın təhlükəsizliyi və sağlamlığı təmin olunub, vəziyyəti həkimlər tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, ona ilkin psixoloji dəstək də göstərilir və psixoloji vəziyyətinin stabil olması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd edim ki, ana uşağdan rəsmi imtina edib. Bundan sonra, qanunvericiliyə uyğun olaraq növbəti prosedurlar icra olunacaq. Bu çərçivədə uşağın hüquqları və mənafeyi əsas götürülərək müvafiq dövlət qurumları tərəfindən qərarlar veriləcək.

Azyaşlının gələcək taleyi ilə bağlı məsələlər aidiyyatı qurumların nəzarətindədir. Qanunvericiliyə uyğun olaraq uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilməsi, və ya övladlığa verilməsi, himayədar ailəyə yerləşdirilməsi kimi digər alternativ qayğı formaları nəzərdən keçirilə bilər. Bütün hallarda əsas prinsip uşağın təhlükəsiz, sağlam və qayğıkeş mühitdə böyüməsinin təmin olunmasıdır.

Bir sözlə, azyaşlı tam şəkildə dövlətin himayəsinə götürülüb və onun rifahı üçün bütün zəruri addımlar atılır”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, məlumat daxil olan kimi əməkdaşlar dərhal prosesə cəlb olunub və işlərə başlanılıb. Hazırda uşağın vəziyyəti nəzərə alınmaqla qanunvericiliyə uyğun zəruri tədbirlər görülür:

“Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcəkdir”.

Qeyd edək ki, mayın 5-də Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb. Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!