Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Mətbuat günü düşüncələri: Bizdən qəhrəmanlıq gözləməyin!
22 İyl 2021 12:21
492

Mətbuat günü düşüncələri: Bizdən qəhrəmanlıq gözləməyin!

Həyatda doğuş və olüm mütləqdir. Qalan hər şey az və ya çox dərəcədə nisbidir. Böyümək, ətraf aləmlə tanışlıq, münasibətlər, yaşayış tərzi və onlarla bu kimi ömür yolu fərqlidir. Azadlıq, xüsusilə də söz azadlığı da nisbidir. Ən başlıcası söz dil və dodaq senzurasından keçirsə, necə mütləq azad ola bilər?!

Düz 146 ildir ki, biz toplum olaraq nisbi olan bir məsələdən – söz azadlığından mütləq azadlıq tələb edirik. Bunun mümkün olduğunu bilərəkdən və ya bilməyərəkdən. Anlaya bilmirik ki, öz evimizin, küçəmizin, dövlətimizin, planetimizin sərhədləri varsa, dediyimiz sözün də sərhədlər çərçivəsində olmasında qeyri-adi heç nə yoxdur. Hələ də özümüz-özümüzdən narazıyıq, şikayətlənirik, qeyri-mümkün olan bir xülyanın davasını aparırıq. Hansı ki, düşüncəmizdə olan bu utopik ideyanın dünyanın heç bir ölkəsində yüzdə-yüz modeli mövcud deyil. İstənilən bir medianın rəhbəri, onu maddi olaraq təmin edən şəxs varsa, burada tam azadlıq mübahisəlidir.

146 il əvvəl Həsən bəy Zərdabi Azərbaycan aydınları üçün bir cığır açdı. Bu günə qədər özünü jurnalist hesab edənlər bu yolda yürüməkdədir. Zərdabinin təkbaşına açdığı bu cığırda indi böyük jurnalist ordusu var. Bəzən dağınıq halda, ümidsizcəsinə, bəzən də nizamlı olaraq yürüş edirik. Və hər zaman hədəfdəyik. Sağdan da, soldan da zərbə alırıq. Bütün hallarda çoxluq üçün sevilməyən bir zümrəyik. Güzgünü yalnız gözəllər sevir: kosmetikalı, bəzək-düzəkli gözəllər. 

Təbii ki, istənilən sahədə olduğu kimi mediada da nöqsanlar mövcuddur. Amma mediadakı nöqsanlar demək olar ki, gündəmdən heç vaxt düşmür. Məqsədli olaraq 3-5 “reket”ə görə davamlı olaraq aşağılanır. Sual edirəm: Həkimlər, polislər, məmurlar, müəllimlər arasında belələri yoxdurmu? Cavab bəllidir. Bəs o zaman nə üçün biz hədəf taxtasından düşə bilmirik?! Mədəsindən gələn spirt qoxusu ürək bulandıran şəxslər bu gün toplu olaraq bütün jurnalistləri təhqir edirsə, demək ki, biz doğru yoldayıq. 

Bu gün Azərbaycanda medianın durumu necədir? Bu suala yüzlərlə fərqli cavab vermək mümkündür. Bu o deməkdir ki, nə qədər insan varsa, o qədər də fərqli fikrin ola bilmə reallığını qəbul etməliyik. Azərbaycan mediası ona olan fərqli münasibətlərdən asılı olmayaraq bu gün var. Özü də tarixdə indiyə kimi olmadığı qədər rəngarəngdir. 

146 yaşlı mətbuatımızı təbrik edirəm. Oxucularımıza isə demək istəyirəm ki, bizdən böyük qəhrəmanlıq gözləməsinlər. Biz qəhrəman deyilik. Sadəcə jurnalistik. Qəhrəmanlar isə ön cəbhədə olur: Sirac və Məhərrəm kimi...

Elnur Məmmədli

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər