Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
“Yeni Sabah” xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, qaydalarda VIII-XI siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.
Belə ki, VIII-XI siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
dinləyib-anlama bacarığı
Şagird dinlədiyi mətndən götürdüyü qeydləri qrafik vasitələrlə (şəkil-sxem, diaqram, cədvəl, simvollar, klasterlər və s.) görsəlləşdirməli, dinlədiyi mətndəki fakt və fikirləri ümumiləşdirərək nəticə çıxarmalı, dinlədiyi məlumatları şəxsi bilikləri və əldə etdiyi başqa məlumatlarla müqayisə etməlidir.
oxu bacarığı
Şagird kontekstdən çıxış edərək söz və ifadələrin (frazemlərin, atalar sözlərinin, termin və alınma sözlərin) mənasını müəyyən etməli, mətndəki fakt və arqumentlər arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyən etməklə əsaslandırmalı, oxuduğu mətndəki məlumatları digər mənbələrlə müqayisə etməli, müəllif yanaşmasına münasibət bildirməlidir.
danışma bacarığı
Şagird məlumatları ümumiləşdirərək mətn qurub danışmalı, səslənən fikirlərə münasibətini ifadə etmək üçün arqument və əks-arqumentlər gətirməli, şifahi nitqində orfoepiya, fonetik, leksik normalara əməl etməli, zəngin söz ehtiyatı nümayiş etdirməli, nitq prosesində danışığı (səs tonu və intonasiya) ilə ifadə tərzini (duruş, jest, mimika) uzlaşdırmalı, monoloji çıxışları zamanı natiqlik bacarıqlarını nümayiş etdirməlidir.
yazı bacarığı
Şagird mətni strukturlaşdırarkən onun forma və məzmun xüsusiyyətlərini nəzərə almalı və yazısında ədəbi dilin normalarına riayət etməli, sadə formalı işgüzar sənədlər (işgüzar məktub, akt, protokol və s.) tərtib etməli, müxtəlif fənlər üzrə biliklərindən istifadə etməklə polemik xarakterli mətnlər yazmalıdır.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.
Telegram kanalımız