Rusiyanın paytaxtı Moskva və ətrafına son sutkada genişmiqyaslı dron hücumu həyata keçirilib.
“Yeni Sabah” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin hücumu paytaxta qarşı indiyədək həyata keçirilən “ən kütləvi” PUA hücumu adlandırıb.
Onun sözlərinə görə, sentyabrın 19-dan etibarən Rusiyanın hava hücumundan müdafiə qüvvələri müxtəlif müdafiə xətlərində 1 600-dən çox pilotsuz uçuş aparatını məhv edib. Onlardan təxminən 450-si Moskva istiqamətində, şəhərə yaxınlaşarkən vurulub. pizza mizza
Hücum nəticəsində Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən biri zədələnib. Moskvanın cənubunda, Orexov bulvarı ərazisində isə dronlardan biri binaya çırpılıb. Şəhər merinin məlumatına görə, paytaxt ərazisində ölən və yaralanan olmayıb.
Moskva vilayətində isə vəziyyət daha ağır olub. Qubernator Andrey Vorobyovun açıqlamasına görə, hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Ramenski rayonunda PUA-nın yaşayış binasına düşməsi nəticəsində 44 yaşlı qadın həyatını itirib, beş nəfər, o cümlədən iki uşaq yaralanıb. Daha bir nəfər Orexovo-Zuyevo rayonunda dağılan və yanan fərdi evdə ölüb.
Ramenski rayonunda 21 mərtəbəli yaşayış binasından təxminən 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib.
Hücum hava nəqliyyatına da ciddi təsir göstərib. Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşların qəbulu və yola salınması məhdudlaşdırılıb. 30-dan çox reysin digər şəhərlərin hava limanlarına yönləndirildiyi bildirilir.
Sobyanin hücumun Rusiya parlament seçkilərinin gedişinə təsir göstərmək məqsədi daşıdığını iddia edib. Ukrayna tərəfi isə hücumla bağlı açıqlama verməyib. Reuters qeyd edir ki, hər iki tərəf mülki şəxsləri hədəfə almadığını bildirir.
Telegram kanalımız