Oktyabrın 5-də Azərbaycandakı məktəblərin, uşaq bağçalarının, ali və texniki peşə məktəblərinin müəllimi professional bayramı – Müəllimlər Gününü qeyd edir. Müəllim Günü hər il 100-dən çox ölkədə qeyd olunur. Bu bayram 1994-cü ildə təsis olunub.
Bu peşə uzun illər cəmiyyət tərəfindən yüksək dəyərləndirilib. Tarixən bütün cəmiyyətlərdə müəllimlər sevgiyə, tərifəlayiq insanlar sayılıblar. Lakin bu gün müəllimin statusunun çox aşağı səviyyədə olması da hər kəsə məlumdur, onlar əvvəlki nüfuzlarını itiriblər.
Mövzu ilə bağlı Yenisabah.az-a millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov danışıb. Dominos pizza
O, bu gün müəllimlərin əvvəlki nüfuzlarını itirməsinin bir sıra səbəbi olduğunu bildirib və onları sadalayıb:
“Əvvəlki dövrlərdə müəllimə münasibət tamamilə fərqli idi və bu gün biz o dönəmi nostalji hissi ilə xatırlayırıq. Son illər isə biz tamamilə fərqli proseslərin getdiyini görürük. Müəllimin əvvəlki nüfuzunun, hörmətinin olmadığı açıq-aydın göz qabağındadır. Bunun kökündə bir neçə məsələ durur. Biri cəmiyyətdə gedən deqradasiyadır, bu, tək təhsillə bağlı deyil, ümumilikdə cəmiyyətin dəyərlərdən uzaqlaşdığını görürük.
Bu təkcə müəllimlərə qarşı deyil, bu gün ağbirçək, ağsaqqal institutuna, böyüyə, qadınlara münasibətdə də bunu görürük. Amma ən önəmli məsələ deyil, bu proseslərdə müəllimlərin özündən qaynaqlanan məsələ var. Müəllim özü özünün hörmətini, müqəddəsliyini qorumalı, adını hər şeydən üstün tutmalıdır. Təəssüf ki, son illər təhsilimizə həqiqi müəllim adını daşıya bilməyən, müəyyən yollarla daxil olan insanların davranışları da bu məsələyə öz təsirini göstərdi. Müəllimlərimizin özünü bir sıra hallarda düzgün aparmaması, şagirdlərlə düzgün rəftar etməməsi də öz təsirini göstərdi”.
Deputat bu məsələdə həmçinin dövlət qurumlarının, direktorların və valideynlərin də rolunun olduğunu qeyd edib:
“Bu gün nazirlik bəzi islahatlar aparır, həqiqətləri çılpaq formada deyir. Amma bir sıra hallarda hər şeyi bu formada demək fikrimcə, doğru deyil. “Müəllim filan sözü yaza bilmir” kimi məlumatlar da cəmiyyətdə birmənalı qarşılanmır. Biz “Müəllim şaftalı sözünü yaza bilmir” deyəndə müəllimin nüfuzuna xələl gətiririk. Ola bilər ki, bu cür müəllimlər var, amma bunu dedikdə şagirdlər də düşünür ki, görəsən, mənim müəllim də həmin kateqoriyadandır, ya yox? Müəyyən həqiqətlər deyilə bilər, amma biz bu kimi məsələlərdə diqqətli və ehtiyatlı olmağı bacarmalıyıq ki, müəllimlərin nüfuzuna xələl gətirməyək.
Müəllimlərin əvvəlki nüfuzunu itirməsinə başqa səbəb isə son dövrlər valideynlərin məktəbə müdaxiləsi, bir sıra hallarda müəllimlə aralarında qarşıdurmaların baş verməsi və bunun ictimailəşməsi də prosesə xüsusi təsir göstərir. Mən düşünürəm ki, valideyn məktəbin işinə həddindən müdaxilə etməli deyil.
Digər məsələ isə direktorun müəllimlərlə, müəllimlərlə valideynlərin düzgün münasibət qurmamasıdır. Bir sıra hallarda ümumiyyətlə kommunikasiyanın olmaması prosesə təsir göstərir.
Direktorluğa layiq olmayan, təsadüfi şəxslərin direktor təyin olunması da problemlərdən biridir. Bir sıra hallarda kollektivlə işləyə bilməyən, idarəçilik təcrübəsi olmayan şəxslərin məktəblərə rəhbər gətirilməsi də təsir göstərən amillərdəndir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız