4 İyul - 04:36
“Müğənnilər borclarını verə bilməyəndə ələ saldığı xalqdan kömək istəyir“

“Müğənnilər borclarını verə bilməyəndə ələ saldığı xalqdan kömək istəyir“

Sosial

28 May 2022 13:36 1176


Bir müddət əvvəl maddi yardıma ehtiyacı olduğu üçün “Səni Axtarıram” verilişinə üz tutan Əməkdar artist Elza Seyidcahan efirə çıxdığı gündən bəri sərt tənqidlərlə üzləşir. 

Ötən günsə verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı bir şəhid atasının ona məktub və məktubun içində pul göndərdiyini açıqlayıb. Belə ki, şəhid atası müğənniyə pul göndərib. Bundan sonra Elza Seyidcahana qarşı tənqid və təhqirlərin ardı-arası kəsilmir.

Bəs görəsən, Azərbaycanda niyə insanlar məşhurlara qarşı bu qədər aqressivdirlər? Onlar niyə hansısa tanınmış şəxsin maddi problemi olduğuna inanmaq istəmirlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm qeyd edib ki, xalqda bu cür aqressiyanı məşhurlar məhz özləri yaradıblar:

“Bilirsiniz, əslində vəziyyətin bu cür olmasının günahı məşhurlardadır. Onlar göründükləri və realda olduqları kimi özlərini insanlara təqdim etmədikləri üçün belə vəziyyət alınır. Xalq səmimi insanları çox sevir. Yalan isə ikrah doğurur. Məşhurların çoxu adi vəziyyətdə çox kasıb olsalar da kreditlə maşın, ev alırlar. Lazımsız yerə bahalı əşyalar alır və televiziyada lovğalanırlar. Lovğalıq isə həsəd və ikrah doğurur. Bank kreditlərini və borclarını verə bilmədikdə isə ələ saldığı, aşağıladığı xalqdan kömək istəyir. Belə olan halda layiq olduğu cavabla - aqressiya ilə qarşılaşırlar.

İnsanların sevgisini qazanmağın yeganə yolu səmimiyyət və dürüstlükdür. Əgər mən uşaqkən sadə və kasıb həyat keçirmişəmsə, bundan utanmalı deyiləm. Ən çətin və ağır günlərimizdən danışmağı özümüzə ayıb bilməməliyik”.

Psixoloqun sözlərinə görə, müğənnilər özlərinə saxta tərcümeyi-hal yaratdıqca sadə xalqın rəğbətini heç vaxt qazana bilməyəcəklər:

“Yalanın ömrü onsuz da az olur. Bizi tanıyan kimsə, ya da özümüz gec-tez həqiqət qarşısında aciz qalırıq. Onun üçün də yalandan yaradılmış tərcümeyi-hallardan, yüksək həyat şəraitindən, yüksək təhsildən danışmağa ehtiyac yoxdur. İmkan vermək lazımdır ki, sadə vətəndaş bizim şəxsiyyətimizdən, insanlığımızdan, vətənimizə verdiyimiz xeyirdən danışsın. Səmimi və dürüst insandan xalq üz döndərmir, haqq nazilir, amma üzülmür”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!