Müğənnilər arasında yaranan davalar, qalmaqallı atmacalar artıq heç kəsi təəccübləndirmir. Ancaq onlardan fərqli olaraq, başqa sahələrdə həmkarlar bir-birinin tərəfini tutmağa, birlik olmağa üstünlük verirlər. Müğənnilər isə çox vaxt həm cəmiyyət, həm də öz sənət yoldaşları tərəfindən təhqirlərə məruz qalırlar.
Maraqlıdır, niyə şou-biznes əhli sözün əsl mənasında bir-birinin “ətini didməklə” məşğuldur?
Mövzu ilə bağlı tanınmış ifaçı, aşıq Namiq Fərhadoğlu “Yeni Sabah”a danışıb. O, sənət adamlarının bir-birini ancaq işi düşəndə axtardığını və kömək etdiyini vurğulayıb: pizza
“Sənət adamları arasında birlik görməmişəm. Onlar biri yıxılan kimi digəri üstünə benzin tökməyə çalışır. Bu sahədə olanlar yaxşılıq etmək üçün qarşılıq gözləyirlər. Təmannasız heç kəs bir-birinə yardım etmir. Kiminsə işi düşəndə insanı soraqlayır. Ancaq belə yada salmaqdansa, heç xatırlamamaq daha yaxşıdır. Sənət adamlarının başına bəla çox gəlir. Ancaq hər bir halda həmkarlar bir-birini dəstəkləməli, bir-birinin yanında dayanmalıdır. Bizdə isə bu yoxdur”.
Aşıq bildirib ki, müğənnilərlə bağlı adi bir məsələ belə cəmiyyətdə böyük səs-küyə səbəb olur:
“Hər adamın başına iş gələ bilər. Ancaq tanınmış şəxslərin söz-söhbəti gündəmdən əskik olmur. Kiçik bir hadisə belə cəmiyyətdə rezonans doğurur. Müxtəlif xəbər saytları, efirlər də belə hadisələrdən yazmağa, danışmağa başlayanda məsələ daha da böyüyür və gündəmi zəbt edir. Belə yazılar adətən daha çox baxış sayı toplayır”.
Sənətçi efirdə dəyişib, başqa adam olan müğənnilərdən də söz açıb:
“Həm tanınmış müğənnilər, həm də aparıcılar efirdə fərqli davranırlar. Kamera qarşısında dəyişən insanlar çoxdur. Bəlkə də onlar bunu gündəm olmaq üçün, ya da daha çox sponsor tapmaq naminə edirlər. Sanki hər kəs qalmaqal axtarışındadır. Belə yerdə həmin adamları da anlamaq lazımdır. Onların da çörəyi bundan çıxır.
Mən efirdə necə görünürəmsə, real həyatda da o adamam. İbadət əhlindən olduğum üçün çox da mənəm-mənəm demək istəmirəm. Yeri, göyü yaradan, bütün naz-nemətləri qarşımıza sərən uca Allah mənəm-mənəm demirsə, biz də bunu etməməliyik. Sənətə gələndə isə, bu sahədə 99 üzü olan adamlardan başqa, yaxşı insanlar da var. Ancaq digərləri daha çoxdur”.
Aytac Şahin
Telegram kanalımız