Azərbaycanda aztəminatlı təbəqənin, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi həmişə diqqət mərkəzində olub. Həssas təbəqə hesab olunan bu kateqoriyaya daxil olan insanların problemləri təkcə dövlət qurumlarını deyil, ictimaiyyəti də yaxından maraqlandırır. Çünki Azərbaycan xalqının onlara vəfa borcu var.
Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Müharibədən dərhal sonra bu təbəqəyə aid olan insanların sosial şəraitinin yaxşılaşdırılması sitiqamətində addımlar atıldı. Dövlət şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərini kompleks şəkildə həll edir. Bu sırada ilk yerdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır. Dördpendirli pizza
Tarixi 44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq dastanı yazan oğullar arasında mingəçevirli şəhid İlkin Elxan oğlu Ağakişiyev də var.
O İlkin Ağakişiyev ki, ailəinin iki övladından biri, evin tək, subay, ali təhsilli oğlu olub. O İlkin Ağakişiyev ki, özü könüllü şəkildə İkinci Qarabağ Savaşına, cəbhəyə yollanıb, Vətənin müdafiəsinə atılıb. O İlkin Ağakişiyev ki, Qarabağın üzünü görməyə-görməyə onun uğrunda canından keçib, Qarabağını, Vətəni ailəsindən, xəstə atasından üstün tutub. O İlkin Ağakişiyev ki, müharibənin ilk günlərində Suqovuşan uğrunda qanlı döyüşlərdə şəhid olsa da, nəşi yalınız 56 gündən sonra tapılıb, ailəsinə təhvil verilib və noyabr ayının 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra təqdimatlar əsasında Ali Baş Komandan tərəfindən üç medalla təltif olunub. Ancaq şəhidin ailəsi övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir, xahiş edir və həmin günün reallaşacağını səbrsizliklə gözləyirlər. Hətta bununla bağlı bu yaxınlarda Şəhidin anası Reyhan Cəmil qızı Ağakişiyeva aidiyyatı dövlət qurumlarına və dövlət başçısına müracət ünvanlayıb.
Qeyd etdiyimiz kimi, şəhidimizin ailəsi hazırda üç nəfərdən-valideynlərindən və tək bacısından ibarətdir. Şəhidimizin atası həm də ağır yataq xəstəsidir, illərdir müxtəlif xəstəliklərdən, xüsusilə, astmadan əziyyət çəkir. Dəfələrlə, ələlxüsus, tək oğlunun şəhidliyindən sonra səhhəti daha da pisləşib, kəskinləşib, komaya düşüb, yalnız son anda onun həyatını xilas etmək mümkün olub. Və hər dəfə xəstəliyi ilə əlaqədar şəhid atası ailəsi ilə birlikdə Bakı şəhərinə üz tutmaq, burada qalmaq məcburiyyətində qalıb.
Şəhidin ailəsi, anası Reyhan xanım həyat yoldaşının durumu və şəhid ailəsi olmaları ilə bağlı Bakı şəhərində şəhid və qazi ailələri üçün tikilən binlardan birində mənzillə təmin olunmalarını istəyir.
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız