Fransada muzeyə girən oğrular qiymətli rəsm əsərlərini götürərək qaçmağa çalışıblar. Lakin polisin vaxtında müdaxiləsi nəticəsində oğurlanan 4 əsərdən 2-si geri qaytarılıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Nitsa şəhərinin Kanyü-sür-Mer qəsəbəsində yerləşən Renoir Muzeyində baş verib.
İki oğru səhər tezdən muzeyə daxil olub. Onların muzey və oradakı sənət əsərləri barədə əvvəlcədən məlumatlı olduqları bildirilir. Şübhəlilər bağın hasarında elektrik aləti və ya metal mişarla dəlik açaraq içəri keçiblər. pizza hut
Daha sonra binaya birinci mərtəbədən daxil olan oğrular rəsmlərin çərçivələrini saxlayan bərkidiciləri kəsərək 4 əsəri götürüblər.
Saat 05:48-də muzeyin siqnalizasiya sistemi işə düşüb. Təxminən 5 dəqiqə sonra polis hadisə yerinə çatıb.
Polisin tez gəlməsi oğruları tələsik qaçmağa məcbur edib. Onlar qaçarkən götürdükləri 4 əsərdən 2-sini muzeyin bağında qoyublar.
Geri qaytarılan əsərlər arasında “Madame Pichonun portreti” və Renuarın oğlu Klodu təsvir edən “Koko kitab oxuyur” adlı tablolar var. Lakin oğrular digər iki əsərlə birlikdə ərazidən qaça biliblər. Oğurlanan rəsmlər “Quyunun yanındakı gənc qadın” və “Madame Colonna Romanonun portreti”dir. Hər iki əsər Parisdəki Orse muzeyindən Renoir Muzeyinə müvəqqəti olaraq gətirilmişdi.
Fransa polisi iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.
Cagnes-sur-Mer şəhərinin meri Bryan Massonun ofisindən verilən məlumata görə, oğurlanan iki əsərin ümumi dəyəri təxminən 9 milyon avrodur.
Hadisə Parisdəki məşhur Luvr muzeyində baş vermiş böyük oğurluqdan sonra sənət dünyasında yeni narahatlıq yaradıb. Bundan əvvəl Luvrdan təxminən 100 milyon dollar dəyərində 8 sənət əsəri oğurlanmışdı.
Əsmətxanım Rzazadə
Telegram kanalımız