“O müəllimin davranışı əslində, Təhsil Nazirliyinin davranışıdır” - Ekspert

“O müəllimin davranışı əslində, Təhsil Nazirliyinin davranışıdır” -
May 15, 2019 13:00
Oxunma sayı: 1753

109 nömrəli məktəbin V sinif şagirdinin intihara cəhd etməsi ilə bağlı məlumat vermişdik. Mayın 14-də qızın atası məktəbə üz tutub. Jurnalistlərlə məktəbə daxil olan valideynə qarşı müəllimlər müxtəlif davranışlar nümayiş etdiriblər. Bunlar sosial şəbəkədə yayılan videoda öz əksini tapıb. 

Son zamanlar gündəm mövzusu olan məktəblərdə müəllimlərin şagirdlərlə davranış qaydalarıyla bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, yaxşı müəllim öz peşəsini, işini sevməlidir. Əgər müəllim öz peşəsini sevmirsə, nifrət edirsə, hər dəqiqə giley edib, bu peşəni necə, haradan seçdiyini deyirsə, ondan yaxşı müəllim ola bilməz:

“Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, müəllim nüfuzunun keşiyində durmalıdır. Yaxşı müəllim öz şagirdini sevməlidir. Müəllim öz şagirdini sevmirsə, onu bir şəxsiyyət kimi qəbul edib, hörmət etmirsə, əsas məqsədi kimi şagirdin layiqli formalaşmasını, təhsil almasını görmürsə, hər bir şagirdə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gizlədir, xərcləmirsə o, yaxşı müəllim ola bilməz. 

Yaxşı müəllim öz işlədiyi müəssisəni sevməlidir, təəssübkeşi olmalıdır, onun adını uca tutmağa çalışmalıdır, bütün dünyada belədir. Müəllim harda gəldi, yerli-yersiz öz müəssisəsini pisləyər, hərəkətləri ilə müəssisənin adına ləkə salarsa, o, yaxşı müəllim ola bilməz. Çünki o müəssisə ilə onun adı ucalır. Yaxşı müəllim tədris etdiyi fənni belə sevməlidir. Çünki o, sevmədiyi fənni tələbəyə də sevdirə bilməz. Fənnini sevən müəllim mümkün deyil ki, həmin fənni şagirdə sevdirə bilməsin. Çünki həmin müəllim o sevgini əldə etmənin yollarını bilir və bunu da ötürmək impulsuna malikdir. Şagird isə həssasdır, qəbul etməyə hazırdır”. 

Ekspert bunu 109 nömrəli məktəbin idarəçilərində görmədiyini əlavə edib:

“Bu məktəbdə qeyd olunan müsbət yanaşmalaırın tam əksini gördük. 109 nömrəli məktəbin şagirdinin atası qızının intiharından sonra məktəbə gedib, amma məktəb kollektivinin yaralı, dərsli ataya münasibətinə, davranışına baxın. Əslində 109 nömrəli orta məktəbdə valideynlə, jurnalistlə elə tərbiyəsiz, müəllim etikasına, təhsil qanunvericiliyinə sığmayan davranış, təkcə, o məktəbin davranışı deyil, bu əslində Təhsil Nazirliyinin davranışıdır, münasibətidir. 

Bu gün baş verən xoşagəlməz hadisələrin  bir günahkarı var, o da Təhsil Nazirliyidir. Çünki onlar proseslərə nəzarət edə, lazımi addımı ata bilmirlər. Müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Amma biz bunun şahidi olmadıq, çünki bu qaydanı birinci Təhsil nazirliyi pozur və müəllimlərə, onların fəaliyyətinə nəzarət edə bilmir”. 

K.Əsədov qeyd edib ki, müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur:

“Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Amma olmur, çünki onu idarə edən Təhsil Nazirliyi özü bu prinsipi ciddi şəkildə pozur. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Təəssüflər olsun ki, təhsilə nəzarət yoxdur, hesabatlılıq, məsuliyyətin bölünməsi prinsipi yoxdur. Baş verən xoşagəlməz hadisələrin qarşısının alınması üçün ilk növbədə Təhsil Nazirliyi qaynar xətdən daxil olan müraciətləri, elektron müraciətləri ciddi araşdırmalıdır, günahkarları cəzalandırmalıdır. Mütəmadi olaraq, orta məktəblərdə monitorinqlər, yoxlamalar aparılmalıdır. Amma biz bunların şahidi olmuruq”.

Əsmər Qabil

Yenisabah.az