Tez-tez sosial şəbəkələrdə insanlar kiminsə qəbrini ziyarət edəndən sonra paylaşım edir, kövrək ruhda uzun açıqlama yazırlar. Qəbiristanlığa gedən insanlarda bir həssaslıq, dünyanın fani olduğuna dair fikirlər yaranır, bir növ saflaşırlar. Lakin bu hisslər daimi olmur və bir müddət sonra yenidən pis əməllər törətməyə davam edirlər.
Bəs görəsən, bu nə ilə bağlıdır? Niyə insanlarda ölüm xofu məhz o anda yaranır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bunun psixoloji səbəblərini sadalayıb: Pepperoni pizza
“Hər bir insan ölümünü düşünməlidir. Ölümünü düşünən insan daha az səhvə yol verir, daha az günah edir. Bəzi insanlar var ki, onlar yalnız bu dünyaya inanırlar və öz əməllərini də məhz elə bu dünyada olduğu kimi öz faydaları üçün yaşayırlar, onlar öz xoşbəxtliklərindən başqa heç kəsin xoşbəxtliyini düşünmürlər və belə davam edirlər. Bəzi insanlar isə hər kəsin xoşbəxtliyini düşünür, başqaları üçün də xoş işlər görməyə çalışırlar. Bu insanın olduğu mühitdən, aldığı tərbiyədən, genetikadan asılıdır. Din də müəyyən yaşdan sonra uşaqlara nəyin günah, nəyin savab olduğunu izah etməyi buyurur. Bəzənsə valideynlər bunu izah etmirlər, çünki gərək valideyn özü də bunu dərk edə ki, övladına da izah edə bilə.
Biz əvvəllər görmürdük ki, kimsə qəbirstanlığı ziyarət edir, orada şəkil paylaşır, amma son dönəmlərdə bunu tez-tez görürük. Bu yaxınlarda “TikTok”da bir video qarşıma çıxdı, görüntülərdə qadın kiminsə qəbrinə yaxınlaşır, yanındakına deyir ki, çək. Daha sonra başlayır öləni təhqir etməyə. Belə insanların ciddi psixoloji pozuntuları var”.
Onun sözlərinə görə, insanların xarakteri dəyişməz olaraq qalır. Qəbiristanlığa gedib müvəqqəti kədərlənən, vicdanının səsini dinləyən insan bir müddət sonra yenidən eqosuna yenik düşür:
“İnsanlar yaxın əhatəsində kiminsə ölümünü gördükdə həyatın nə qədər fani və boş olduğunu düşünürlər və baxırlar ki, ölən insan bu dünyadan əliboş getdi, heç nə aparmadı. Bu dünyada pula, mala görə bir-birini üzməyin, qırmağın nə qədər anlamsız olduğunu o an dərk edirlər və həmin hisslərə qapılırlar. Amma bir müddət keçəndən sonra yenidən eqo işə düşür və həmin hissləri basdırır. Eqo bu hissləri basdırdıqdan sonra insanlar yenidən yalnız özünü düşünməyə başlayır və eqosuna yenilir. Ümumiyyətlə, hər bir insanda Allah sevgisi, həmçinin Allah xofu olmalıdır. Əgər bu sevgi və qorxu olmasa, insanlar daha çox günah işlər görərlər. Əvvəlki zamanla indiki zamana baxın, görün nə qədər fərq var. İndi xəyanət də, boşanmalar da, ölüm halları da artıb.
İnsanın özünün xarakteri, həyata baxış tərzi olur, həmçinin hər bir insanda empatiya qurmaq qabiliyyəti olmalıdır. İnanın xarakteri dəyişməz olaraq qalır, bunu dəyişmək mümkün deyil. Ona görə bəzən insanlar qəbirstanlıqdan çıxandan sonra müvəqqəti hüznlü aurada olurlar, amma xarakterləri dəyişməz olaraq qalır. Həmin an azca da olsa, vicdanının səsini dinləyir, lakin sonra onu da unudur və dönüb əvvəlki insan olur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız