Afrikanın cənub-qərbində yerləşən Namibiyada böyük qızıl yatağının izləri aşkarlanıb. Təxminən 3 milyon əhalisi olan ölkədə aparılan araşdırmalar zamanı 6 kilometr uzunluğunda qızıl damarı müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, Kanada mərkəzli “Ongwe Minerals” şirkəti Omatjete Qızıl Layihəsi çərçivəsində apardığı işlər zamanı bu nəticəyə gəlib.
Aparılan torpaq analizləri zamanı 6 kilometr boyunca uzanan qızıl damarının olduğu müəyyənləşdirilib. Səthdən götürülən ilkin nümunələrdə yüksək miqdarda qızıl aşkarlanıb. Şirkət avqust ayından etibarən ərazidə ümumilikdə 5 min metr uzunluğunda qazma işlərinə başlamağı planlaşdırır. pizza
İlkin mərhələdə ərazidə bir qazma qurğusundan istifadə ediləcək. Geoloji araşdırmaların nəticələrindən asılı olaraq işlərin miqyası daha da genişləndiriləcək.
Namibiyanın iqtisadiyyatı üçün yeni imkan
Namibiyanın iqtisadiyyatı uzun illərdir əsasən almaz hasilatından asılıdır. Yeni qızıl yatağının aşkarlanması ölkənin gəlirlərini şaxələndirməsi baxımından mühüm imkan yarada bilər.
Əgər aparılacaq qazma və araşdırmalar nəticəsində yatağın kommersiya baxımından əlverişli olduğu təsdiqlənərsə, bölgədə yeni mədən və istehsal müəssisələrinin yaradılması mümkündür.
Bu isə yeni iş yerlərinin açılmasına, dövlət büdcəsinə əlavə vergi gəlirlərinin daxil olmasına və bölgədə infrastrukturun inkişafına şərait yarada bilər.
Hazırda yatağın dəqiq qızıl ehtiyatının həcmi məlum deyil. Bunun müəyyənləşdirilməsi üçün əlavə geoloji araşdırmalar və qazma işləri aparılacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız