18 Avqust - 05:15
Ordumuzun nəzarətinə keçən Buzdux dağının strateji əhəmiyyəti

Ordumuzun nəzarətinə keçən Buzdux dağının strateji əhəmiyyəti

Bölgə

06 Avqust 2022 15:10 1865


Azərbaycan Silahlı Qüvvələri növbəti uğura imza atıb. Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Hazırda Buzdux dağında üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır. 

Buzdux dağı və ətraf yüksəkliklərin bizim üçün strateji əhəmiyyəti nədən ibarətdir? 

Yenisabah.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Buzdux dağı və onun ətrafındakı yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi qəhrəman Silahlı Qüvvələrimizin növbəti uğurudur.

“Xatırlatmaq istəyirəm ki, Buzdux dağı və ətraf yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altında olması bizə Ağdaban, Suqovuşan və Sərsəng su anbarı istiqamətində atəş və müşahidə imkanlarımızı kifayət qədər genişləndirir. Bu, həm də Ordumuzun birbaşa olaraq Murovdağ istiqamətində çıxışını təmin edir”, - deyən ekspertin sözlərinə görə, bu əməliyyatın üstün cəhətlərindən biri ondan ibarətdir ki, Ordumuz belə strateji yüksəklikləri itki vermədən əldə edib:

“Bu, Azərbaycan Ordusunun mənəvi-psixoloji durumuna da müəyyən dərəcədə müsbət təsir edən amillərdəndir. Bundan sonra da qəhrəman Ordumuz düşmənin bütün təxribatlarına layiqincə və minimal itkilərlə cavab verə biləcək”.

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Buzdux və ətraf yüksəkliklərin nəzarətə alınması olduqca mühüm hadisədir. Bu ərazilər sayəsində düşmən qoşunlarının bütün hərəkətləri Azərbaycan Ordusu tərəfindən rahat şəkildə izlənilir. Biz onların gediş-gəlişini, hansı addımları atdıqlarını nəzarətdə saxlaya bilirik.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında çox mühüm tapşırıqlar durur:

“Bu tapşırıqlar yaxın vaxtlar üçün təsdiqlənmiş planlardır. Planın icrası üçün Buzdux dağı və ətraf yüksəkliklərin nəzarətə götürülməsi mühüm hərbi strateji əhəmiyyət kəsb edir. Ona görə bölmələrimiz həmin ərazilərdə lazım olan mühəndis istehkam işlərini həyata keçirib. Azərbaycan Ordusu bütövlükdə orada hər şeyə nəzarət edir. Burada işlər Xüsusi Təyinatlı Qüvvələr və Komando birlikləri tərəfindən həyata keçirilir.

Kəlbəcər bizim üçün çox mühüm strateji əhəmiyyət daşıyır. Buradakı Buzdux dağı və ətraf yüksəkliklər üçün 90-cı illərdə ordumuz tərəfindən çox ciddi döyüşlər aparılmışdı. Kəlbəcər rayonu istiqamətində nə qədər dağ və yüksəkliklər varsa, onların hər biri strateji əhəmiyyət kəsb edir”./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!