Orta məktəblərdə oğlanların sayı qızlardan niyə çoxdur?

saytların hazırlanması

Evə çatdırılma

Orta məktəblərdə oğlanların sayı qızlardan niyə çoxdur?

Sosial

04 Avqust 2023 11:45 886


Dünyanın bir çox ölkələri getdikcə qocalmasına baxmayaraq, Azərbaycanda demoqrafik artım daim müsbət olmuşdur.

Lakin burada ən qəribə nüans demoqrafik artımda oğlan uşaqlarının sayının çoxluq təşkil etməsi faktıdır. Belə ki, ibtidai siniflərdə təhsil alan uşaqların say nisbətinə nəzər yetirsək, görərik ki, hazırda oğlan uşaqları 60% çoxluqla bu pillədə ilk yerdədir.

Maraqlıdır, bu tendensiyanı problem saymaq olarmı? Və əgər problemdirsə, bundan çıxış yolları nədir? pizza sifarişi

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Yenisabah.az-la söhbətində deyib ki, Azərbaycanda oğlanların sayının artması gözlənilən hal idi:

“Çünki ölkədə son vaxtlar qız uşaqlarına qarşı valideynləri tərəfindən “qətliam” hadisəsi baş verməkdədir. Ana bətnində qız uşağı olanda gedib onu abort edirlər. Bu, proses də hər kəsə məlumdur. Bu da oğlanların sayının çox olmasına gətirib çıxarıb”.

“Mən dəfələrlə demişəm ki, bu tendensiya demoqrafik cəhətdən qorxulu deyil, əksinə, faydalıdır. Çünki oğlan uşaqlarının bir çoxu 11-ci sinfi qurtaran kimi ölkədən çıxıb gedirsə, digər bir hissəsi də avtomobil qəzasında, dava-dalaşda, müharibədə əsgərlikdə ölürlər. Yəni 20 yaşına qədər ölənlər oğlan uşaqları arasında daha çox olur. Ölkədən çıxıb gedən oğlan uşaqları da qızlara nisbətən daha çoxdur. Ona görə də yaş gəlib 20-ni keçəndən sonra ölkədə oğlanlarla qızların sayı bərabərləşir. Qısası, burada demoqrafik cəhətdən qorxulu bir şey yoxdur”, – sosioloq izah edib.

Onun fikrincə, bu, mənəvi cəhətdən isə dəhşətli hadisədir:

“Çünki qız uşaqlarının ana bətnində aldırılması qətliamdır. Bu, həm valideynlərin psixologiyasına da pis təsir edir, eləcə də bu tendensiya bütün cəmiyyətə yüklənir, cəmiyyət neqativ olaraq yüklənir və cəmiyyətdə mənfi dəyişiklik baş verir. 

Bu baxımdan, bu hadisə çox təhlükəlidir. Biz burada maarifləndirmə ilə yanaşı, inzibati işləri də gücləndirməliyik. Eyni zamanda burada ciddi bir fəaliyyət proqramına ehtiyac var. 

Mən 15 ildir ki, bu barədə bar-bar bağırıram, SOS siqnalı verirəm, amma səsimə səs verən yoxdur”.

“Əgər bu alınsa, fəaliyyət proqramında aydın olacaq ki, televiziyaların üstünə burada hansı rol düşəcək, orta məktəblərdə, institutlarda hansı işləri aparmaq olar və s. Mən bunların yollarını, parametrlərini müəyyənləşdirmişəm dərslərimdə tələbələrimə bunu sosial iş kimi öyrədirəm. 

Əgər biz yuxarı sinif şagirdləri, gənclər arasında belə bir təbliğat aparıb onları başa sala, öyrədə bilsək, nəticələr yaxşı olacaq. Çünki tələbə gənclərin hamısı 5-6 ildən sonra valideyn olacaq. Onlara məhz tələbə vaxtından başa salmaq lazımdır”, – Ə. Qəşəmoğlu vurğulayıb.

Müsahibimiz deyir edib ki, bununla bağlı işlər görülməlidir:

“Siniflərdə qızlarla oğlanların sayı, adətən, bərabər olanda daha yaxşı mənəvi-psixoloji mühit yaranır. Amma oğlanların 60% daha çox olması da pis deyil. Yəni bu nisbət onların gənc kimi formalaşmasına elə də bir ciddi təsir göstərməyəcək. Bərabər olsa, lap yaxşı, amma bu da problem deyil”.

O, söyləyib ki, burada əsas problem valideynlərin övladlarını qətliam – abort etdirməsidir:

“Çünki dinimizdə də bu, günahdır. Amma hər bir ölkədə din və inzibati orqanlar buna qadağa qoysalar da, bu hadisələr baş verir. Biz isə bu hadisəni törədənlərin yanında olaq, nəinki başının üstündə durub yumruq vuraq. 

Bu insanların yanında olsaq, onlar cəmiyyətin tərbiyəvi qayğısını hiss etsinlər ki, belə işlər görməsinlər. Bununla bağlı ölkədə xeyli işlər görmək olar. Elm bu gün bunun üçün xeyli imkanlar yaradıb. Bu imkanlardan istifadə etməmək gələcəyimiz üçün arzuolunan hal deyil. Biz bu problemlə bu gün məşğul olmasaq, 5-10 il sonra vəziyyət daha da pis olacaq”.

Təhsil üzrə ekspert Elşən Qafarov isə aydınlaşdırıb ki, son onillikdə ailə planlaşdırımasına süni müdaxilələr qız uşaqlarının sayının az, oğlan uşaqlarının isə sayının çox olmasına gətirib çıxarıb, amma ölkə üzrə kişilər və qadınlar arasında əhalinin sayı 51%-in 49%-ədir:

“Lakin bu gün orta ümumtəhsil məktəblərində oğlanların sayı qızların sayından kəskin şəkildə fərqlənməsini düşünmürəm. İstisnalar ola bilər, amma hazırda bu, problemli səviyyədə deyil”.

Mütəxəssis əlavə edib ki, burada hər hansı bir problem olmadığına görə məsələ ilə bağlı proqram və tədbirlərin görülməsinə elə də ehtiyac yoxdur:

“Bu gün oğlan və qızların sayı əvvəlki illərdə olduğu kimi bərabər saydadır. Bu, bir-birindən qismən fərqlənə bilər ki, söylədiyim tendensiya məktəbə və sinfə görə dəyişə bilər. Lakin ümumilikdə bu say fərqi elə də problemli vəziyyətdə deyil. Ona görə də, yenə deyirəm, bu məsələ ilə bağlı dövlət səviyyəli tədbirlərin görülməsinə ehtiyac yoxdur”.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!