Yeni tədris ilinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Bu barədə "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranması ehtimalı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli davranmalıdır. Toyuqlu pizza
Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır.
BDYPİ valideynlərə də müraciət edərək uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamağı, övladlarının nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməyi tövsiyə edib.
Şagirdlər isə yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər.
İdarə qeyd edib ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlardan qaydalara əməl etmələri tələb olunursa, ilk növbədə böyüklər bunu öz davranışları ilə göstərməlidirlər.
BDYPİ yeni tədris ilinin ilk günlərindən hər kəsi yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırıb.
"Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir", - deyə müraciətdə vurğulanıb.
Aytac Əliyeva
Telegram kanalımız