“Adını və ya soyadını dəyişmək istəyi hər zaman psixoloji pozuntu demək deyil”.
Bunu “Yeni Sabah”a psixoterapevt Azad İsazadə deyib.
O, son zamanlarda ad və soyad dəyişmək üçün ASAN Xİdmətə baş vuran insanlara dair cəmiyyətdə dolaşan şübhə və eyhamlı atmacalara münasibət bildirib: Marqarita pizza
“Bəzən valideynlər uşağa hansısa qohumun adını verir, lakin uşaq böyüdükcə həmin adı özünə uyğun hesab etmir və başqa adla çağırılmasını istəyir. Bu, uşaqlıqdan formalaşan şəxsi istək də ola bilər və mütləq psixoloji problem kimi qiymətləndirilməməlidir”.
Psixoterapevt bildirib ki, ad və ya soyadın dəyişdirilməsinə müxtəlif səbəblər təsir edir:
“Kimsə sadəcə adını bəyənmir, digəri fərqli ad daşımaq istəyir. Ümumən qanunvericiliyin tələblərinə zidd olmadığı halda, şəxsin adını və ya soyadını dəyişməsi mümkündür”.
Azad İsazadə vurğulayıb ki, hər belə istəyin arxasında patologiya axtarmaq doğru yanaşma deyil. Onun fikrincə, insanların böyük əksəriyyətində bu seçim normal psixoloji və şəxsi istəklərdən irəli gəlir:
“Lakin bəzi hallarda ad və soyadın dəyişdirilməsi istəyinin psixi pozuntularla əlaqəli ola bilməsi mümkündür. Məsələn, sovet dövründə ruhi xəstəxanaya gətirilən bir qadın özünü Adolf Hitlerin qızı hesab etmiş, pasportunda atasının adını və soyadını dəyişərək bunu rəsmiləşdirməyə çalışmışdı. Bu cür hallar artıq psixoloji norma deyil, patologiya hesab olunur”.
Psixoterapevt qeyd edib ki, nəticə etibarilə ad və soyadını dəyişmək istəyən insanların əksəriyyətində bu qərarın arxasında tamamilə normal şəxsi seçim dayanır və yalnız nadir hallarda bunun səbəbi psixi pozuntu ola bilər.
Aytəkin Əzizqızı
Telegram kanalımız